
SSRİ-nin dağılması qanunsuz idi, onun hüquqi statusu nəzərə alınmalıdır və deputatlar bu məsələni qaldırmağa hazırdır.
Bunu Rusiya Dövlət Dumasının deputatı Nina Ostanina deyib.
Ostaninanın sözlərinə görə, 1991-ci ildə keçirilən referendumda vətəndaşların əksəriyyəti SSRİ-nin saxlanmasına səs verib:
“Yəni həm hüquqi, həm siyasi, həm də insani nöqteyi-nəzərdən, mahiyyət etibarı ilə Sovet İttifaqının sonu qeyri-qanuni idi, çünki heç kim Şuşkeviçə, Yeltsinə, Kravçuka qondarma Belovejsk müqaviləsini imzalamaq səlahiyyətini verməmişdi. Və bu günə qədər bu, hüquqi cəhətdən mübahisəli bir sənəddir. Rusiya bu gün də istintaq təşkil etməlidir. Prezidentin müşaviri bu mövqeyi ifadə edibsə, o zaman bu, bizdən asılı olmayacaq. Biz isə siyasi qərar verməyə hazırıq, bu barədə Dövlət Dumasında danışacağıq”, – o bildirib.
Qeyd edək ki, ötən gün Rusiya prezidentinin müşaviri Anton Kobyakov Sovet İttifaqının dağılması zamanı hüquqi prosedurun pozulduğunu və bunun SSRİ-nin guya “hələ də var olması” anlamına gəldiyini bildirmişdi.