
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə danışdıqdan sonra deyib ki, Rusiya və Ukrayna müharibənin həllini özləri tapmalıdırlar. O özü isə prosesdən çəkilir kimi görünüb.
Bu mövzuya toxunan “The New York Times”(NYT)-ın yazdığına görə, məsələ ilə tanış olan rəsmilərin fikrincə, Tramp Rusiyaya qarşı yeni sanksiyalar da daxil olmaqla Avropanın Moskvaya təzyiq kampaniyasına qoşulmaqla bağlı əvvəlki mövqeyindən geri çəkilib.
Nəşr yazır: “Əgər Tramp yenidən kursunu dəyişməsə, Putin tam istədiyinə nail olacaq: nəinki Amerikanın təzyiqinə son qoyulacaq, həm də NATO daxilində, amerikalılarla onların avropalı müttəfiqləri arasında dərin çatlar yaranacaq”.
Ağ Ev rəsmilərindən birinin NYT-yə verdiyi məlumata görə, buna səbəb “Rusiyaya qarşı əlavə sanksiyaların biznesin inkişafına mane olması və prezidentin amerikalılar üçün iqtisadi imkanları maksimum dərəcədə artırmaq istəməsidir”. Yəni, Tramp birinci yerə biznesi qoyur.
Bununla belə, nəşrin qeyd etdiyi kimi, Trampın Volodimir Zelenski və avropalılarla söhbətinin alt mətni ondan ibarətdir ki, Amerikanın diplomatik səyləri, Ukrayna üçün yeni silahlar və Rusiyaya qarşı iqtisadi sanksiyalar erası artıq başa çatır:“Bir sıra Avropa rəsmiləri söhbətdən onu başa düşdülər ki, ABŞ-nin tezliklə onların Moskvaya qarşı əlavə maliyyə təzyiqlərinə qoşulmasını gözləməməlidirlər”.
Avropa liderləri hesab edirlərki, Tramp əsl məqsədinin reallaşmasına – Vaşinqton və Moskva arasında münasibətləri normallaşdırmağa keçid edir. Məqalədə deyilir: “Zəif irəliləyişdən və Putinin barışmazlığından məyus olan Tramp açıq şəkildə danışıqlardan uzaqlaşmaq fikrinə düşüb. Bazar ertəsi tvitində o, ABŞ-ni danışıqlardan kənarlaşdırmaq və Rusiya ilə işgüzar sövdələşmələrə keçmək istədiyini açıqlayıb”.
NYT-nin qeyd etdiyi kimi, Tramp Amerika şirkətlərinə Rusiyanın enerji sektorundan və nadir torpaq minerallarından faydalanmaqda kömək etməyə çalışır, baxmayaraq ki, ABŞ indiyədək Rusiya və Ukrayna arasında sülh razılaşması əldə olunmayana qədər bu sövdələşmələrin heç birinin baş tuta bilməyəcəyində təkid edirdi.
Eyni zamanda, məlumatlı mənbələrə görə, Putin Trampın ticarət arzusunu başa düşür və buna görə onların söhbətinin əsas hissəsini potensial iqtisadi əlaqələrə yönəldib: “Nəticədə, Avropa indi yeni sanksiyalara doğru irəliləyir, Birləşmiş Ştatlar isə əks istiqamətdə hərəkət etməyə hazırlaşır – Ukraynadan əl çəkməyə və Rusiya ilə daha sıx əlaqələr qurmağa çalışır. Bu, Putinin iyirmi ildir ki, NATO daxilində yaratmağa və ondan istifadə etməyə çalışdığı parçalanmadır”.
Yüksək səviyyəli bir avropalı məmur nəşrə bildirib ki, qeyd-şərtsiz atəşkəsi birmənalı rədd edəcəyi təqdirdə belə, Tramp Rusiyaya qarşı sanksiyalara qoşulmaqda qəti maraqlı görünmür. Onun indiyə qədərki təhdidləri isə əsasən görüntü xarakteri daşıyıb və ABŞ yeni ciddi sanksiyaların hazırlanmasına qoşulmayıb.