
Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri başlayıb. O, baş nazir Nikol Paşinyan hökuməti ilə ikitərəfli və regional məsələləri müzakirə edəcək. Politoloq Fərhad Məmmədov Moskva–İrəvan münasibətlərinin hazırkı vəziyyətini və perspektivlərini təhlil edib. Onun fikrincə, bu münasibətlərdə bir neçə strateji istiqamət üzrə ciddi maraqlar toqquşur.
Hərbi-siyasi münasibətlər: Rusiya “qırmızı xətt”ini qorumağa çalışır
Ekspert qeyd edir ki, Rusiya ilə Ermənistan arasında hərbi-siyasi müttəfiqlik hələ də formal olaraq qüvvədədir. Ermənistandakı Rusiya hərbi bazası və birgə hava hücumundan müdafiə sistemi fəaliyyətini davam etdirir. Rəsmi İrəvan bu bazanın çıxarılmasını açıq şəkildə gündəmə gətirməsə də, sərhədlərdə Rusiya təsirinin zəiflədiyi görünür.
ABŞ-ın maliyyələşdirdiyi sərhəd mühafizə proqramı, amerikalı sərhədçilərin İrəvana göndərilməsi planı və digər təşəbbüslər Moskvanın narahatlığına səbəb olur. Ermənistanın Hindistandan silah alması, Fransa və Böyük Britaniya ilə hərbi əməkdaşlığa can atması da Rusiyadan uzaqlaşma meyillərini göstərir.
KTMT və NATO arasında sıxılma
Fərhad Məmmədov bildirir ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) formal üzv kimi qalır, lakin onun fəaliyyətində real iştirak etmir. Rusiya üçün əsas narahatlıq İrəvanın NATO-ya yaxınlaşmasıdır. Bu baxımdan, Ermənistanın neytral statusu məsələsi yaxın gələcəkdə aktuallaşa bilər.
İqtisadi əlaqələr: Ehtiyatlı diversifikasiya
Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvü olaraq qalmaqla Rusiyaya iqtisadi təsir imkanları verir. Rusiya bu ölkədə enerji, dəmir yolu və nüvə sahələrində strateji mövqelərə sahibdir. Lakin ABŞ-la imzalanmış Xartiya çərçivəsində Ermənistan iqtisadi diversifikasiyaya çalışır. Amerikalı nüvə energetikası nümayəndələrinin son səfəri də bu niyyətlə bağlıdır.
Politoloq xatırladır ki, Ermənistan üzrə Rusiya kuratoru Sergey Kiriyenko uzun illər “Rosatom”a rəhbərlik edib və nüvə əməkdaşlığının davamında maraqlıdır.
Lavrovun səfəri ərəfəsində Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas da Ermənistana gələcək. Gündəmə gəlməsi planlaşdırılan CEPA+ ticarət sazişi Avrasiya İttifaqının hələ tənzimləmədiyi sahələri əhatə etsə, bu, Moskva üçün əlavə risk yarada bilər.
Regional kommunikasiyalar və dəhlizlər
Lavrovun əsas gündəmində Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılması məsələsi dayanır. Ermənistan formal olaraq üçtərəfli komissiyada iştirak etsə də, prosesin gedişini əngəlləyir. Rusiya bu prosesdə aktiv iştirakını və Ermənistan ərazisindən keçəcək dəhlizlərdə rolunu qorumağa çalışır.
Moskva Ermənistanda “uzun oyun” aparır
Fərhad Məmmədov qeyd edir ki, Rusiya üçün əsas rəqabət meydanı ABŞ yox, Avropa İttifaqıdır. Moskva Ermənistandakı strateji aktivlərini qorumaq və daxili siyasətə təsir imkanlarını saxlamaq istəyir. 2026-cı ildə keçiriləcək parlament seçkiləri bu baxımdan Moskva üçün mühüm fürsət hesab olunur.
Onun fikrincə, Rusiya üçün ən vacib məsələlərdən biri Ermənistan–Türkiyə münasibətlərinin normallaşması və sərhədlərin açılmasıdır. Bu, həm regional sabitlik, həm də Moskvanın iqtisadi və siyasi maraqları baxımından əhəmiyyətlidir. /azpolitika.info