
Qarabağ iqtisadi rayonunda qeydiyyatdan keçən fərdi sahibkarlıq subyektlərinin 5,2 %-i qadınlardır.
Bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 10-cu Biznes Forumunda bildirib.
Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən sahibkar qadınların 28,6 %-i Bakıda, 10 %-i Lənkəran-Astara, 9,6 %-i Qazax-Tovuz iqtisadi rayonlarında qeydiyyatdan keçib: “Qarabağ iqtisadi rayonunda qeydiyyatdan keçən fərdi sahibkarlıq subyektlərinin isə 5,2 %-i qadınlara məxsusdur. Bu qürurverici göstəricidir və əminik ki, onların sayı getdikcə artacaq”.
M. Musayev qeyd edib ki, dayanıqlı inkişaf prinsiplərinə əsaslanan iqtisadi modellər – “yaşıl texnologiya”lar, rəqəmsallaşma və inklüzivlik – gələcəyin sahibkarlıq sistemini müəyyən edəcək: “Bu mövzular Bakıda keçirilən COP29 tədbirində Azərbaycan Sahibkarlar Konfederasiyasının Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə birlikdə götürdüyü pavilyonda da geniş müzakirə olunub. Hesab edirik ki, bu yolda SİSA regionu qarşılıqlı öyrənmə və birgə təşəbbüslərlə nümunəvi əməkdaşlıq mühiti yarada bilər. Biz, Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq, bu proseslərin fəal iştirakçısı olmaqda davam edəcəyik. İnanırıq ki, bu Forum nəticəsində yeni təşəbbüslər, layihələr və əməkdaşlıq formatları yaranacaq”.