
2025-ci il mayın 20-21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammiti keçiriləcək. Bu tədbir təşkilatın coğrafi təsirinin genişlənməsi ilə yanaşı, onun fəaliyyətində keyfiyyət dəyişikliyini də simvolizə edir. Bu, ilk dəfədir ki, TDT sammiti müşahidəçi ölkə ərazisində keçirilir ki, bu da Budapeştin türk dünyasında baş verən proseslərə artan marağını və iştirakını göstərir. Görüşün şüarı – “Şərq və Qərbin görüş yeri” – təşkilatın Şərq və Qərb arasında körpü rolunu oynamaq kimi ambisiyalarını əks etdirir. Bu prosesdə isə Azərbaycan mühüm rol oynamaqda davam edir.
Azərbaycan TDT-nin yaranmasından bəri təşkilatın əsas üzvlərindən biri kimi türk inteqrasiyası ideyasını fəal şəkildə təşviq edir. Azərbaycanın təşkilat ölkələri ilə iqtisadi yaxınlaşmadakı rolu əvəzsizdir. Yalnız 2024-cü ildə Azərbaycanın TDT ölkələri ilə ticarət dövriyyəsi 6,893 milyard ABŞ dollarına çatıb ki, bu da ölkənin ümumi xarici ticarət dövriyyəsinin 14,5 faizini təşkil edir. Xüsusilə Qazaxıstanla (+49,8%) və Özbəkistanla (+41%) ticarətin artımı diqqətçəkicidir ki, bu da qarşılıqlı marağın və biznes əlaqələrinin genişlənməsinin göstəricisidir.
Azərbaycan eyni zamanda ümumi iqtisadi institutların formalaşmasında da fəal iştirak edir. 2024-cü ildə fəaliyyətə başlayan Türk İnvestisiya Fondu buna bariz nümunədir. Azərbaycanın da daxil olduğu beş ölkə (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan) fonda hər biri 100 milyon dollar yatırıb. Fəaliyyətə başladıqdan qısa müddət sonra fondun nizamnamə kapitalının 600 milyon dollara qədər artırılması qərara alınıb.
Bakı-Tbilisi-Qars dəmir yolunun buraxılış qabiliyyəti 1 milyondan 5 milyon tona yüksəlib. Bakı Gəmiqayırma Zavodunda yeni gəmilər tikilir, Xəzər dənizində Azərbaycan ticarət donanması (hazırda 50-dən çox gəmi) genişlənir, Ələt limanının gücü 15 milyon tondan 25 milyon tona artırılır. 2026-cı ildə isə Laçında Azərbaycanın doqquzuncu beynəlxalq hava limanı istifadəyə veriləcək. Bu tədbirlər türk əməkdaşlığının logistika bazasını gücləndirir və Azərbaycanı regionun strateji tranzit mərkəzinə çevirir.
Əməkdaşlığın yeni və mühüm istiqaməti – “yaşıl enerji” sahəsidir. 2024-cü ilin noyabrında COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan bərpa olunan enerji istehsalı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair Saziş imzalayıblar. Bu təşəbbüs Avropaya davamlı enerji dəhlizlərinin yaradılmasına doğru atılmış mühüm addımdır. Qlobal enerji keçidi və Avropanın ənənəvi enerji mənbələrindən asılılığını azaltmaq səyləri fonunda bu “yaşıl alyans” Aİ üçün həyati əhəmiyyət kəsb edir. Layihə iştirakçı ölkələrin enerji sistemlərini birləşdirir və “təmiz” enerjinin ixracını təmin edir.
Nəqliyyat və enerji ilə yanaşı, Azərbaycan türk coğrafiyasının rəqəmsal transformasiyasında da fəal rol oynayır. 2024-cü ildə imzalanmış Rəqəmsal İqtisadiyyat haqqında Saziş elektron ticarət, fintex, rəqəmsal ödənişlər və kibertəhlükəsizlik sahələrinin inkişafını hədəfləyir. Bu addımlar Ticarətin Asanlaşdırılması Strategiyası ilə bağlıdır və elektron-fakturaların, eləcə də transsərhəd əməliyyatlar üçün “vahid pəncərə” sisteminin tətbiqini nəzərdə tutur.
Maliyyə inteqrasiyasına doğru növbəti addım – TDT ölkələrinin Mərkəzi Banklarının Şurasının yaradılmasına hazırlıqdır. Bu şura makroiqtisadi siyasətin koordinasiyası üçün platforma olacaq və təşkilatın üzv ölkələrinin maliyyə sistemlərinin dayanıqlığını artıracaq. Belə təşəbbüslər maliyyə qarşılıqlı asılılığını və valyuta sabitliyini gücləndirəcək.
Türk birliyi humanitar sahədə də özünü göstərir. Ermənistan işğalından azad edilmiş Füzuli rayonunda Özbəkistan və Qazaxıstan tərəfindən məktəblər inşa olunub, Qırğızıstan Ağdam rayonunun Xıdırlı kəndində məktəb tikib, Macarıstan isə Cəbrayıl rayonunun Soltanlı kəndinin bərpası ilə məşğuldur. Bu layihələr təkcə infrastruktur baxımından deyil, həm də həmrəylik və dəstək rəmzi olaraq mühüm əhəmiyyət daşıyır.
TDT tarixi baxımdan mədəni platforma kimi başlayıb, lakin artıq tamhüquqlu geosiyasi birliyə çevrilməkdədir. Təşkilatın siyasi çəkisi artır və xarici oyunçuların da marağı güclənir. Sammitin müşahidəçi statuslu Macarıstanda keçirilməsi TDT-nin ənənəvi coğrafi çərçivədən çıxmaq və Şərq-Qərb balansını formalaşdıran gücə çevrilmək istəyini göstərir.
Bu prosesdə Azərbaycan inteqrasiyanın mühərriki rolunu oynayır. Onun coğrafi mövqeyi, iqtisadi potensialı və diplomatik fəallığı ona Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında körpü olmaq imkanı verir. Qlobal qeyri-sabitlik və geoiqtisadi bloklar arasında rəqabətin gücləndiyi şəraitdə TDT-nin davamlı inkişaf və qarşılıqlı dəstək platforması kimi rolu daha da əhəmiyyət kəsb edir.
İri infrastruktur layihələri, enerji alyansları və rəqəmsal təşəbbüslər vasitəsilə TDT üzv ölkələr arasında əlaqələri gücləndirir və region üçün yeni inkişaf istiqamətləri yaradır. Azərbaycan TDT-nin qurucularından və liderlərindən biri kimi bu prosesdə əsas rolu oynayır. Onun strategiyası – birləşdirmək, sərmayə qoymaq və istiqamət göstərmək – Azərbaycanı təkcə iştirakçı deyil, bütün sistemin memarı statusuna yüksəldir. Budapeşt sammiti böyük ehtimalla bu tendensiyanı təsdiqləyəcək və türk dünyasının inkişafında yeni mərhələnin – ortaq mədəni keçmişdən ortaq strateji gələcəyə doğru keçidin başlanğıcı olacaq.