
Baş nazir Nikol Paşinyan “Azərbaycanın niyyəti, münaqişəni öz ərazisində bağlayıb, onu Ermənistan ərazisinə köçürmək” iddiası ilə bağlı növbəti dəfə açıqlama verib. Onun sülh razılaşması və ATƏT-in Minsk qrupunun buraxılması eyni vaxtda reallaşsın məntiqi də birmənalı qarşılanmayıb.
Mövzu ilə bağlı açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bunun piar olduğunu deyib.
Onun fikrincə, erməni tərəfi dünya ictimaiyyətinə, xüsusən də Avropa ölkələrinə göstərmək istəyir ki, hələ də münaqişə ilə bağlı bu və ya digər formada məsələlər gündəmdə var: “Sözsüz ki, bu yanaşmalar oyundur və səmimi deyil. Münaqişə bitib. Paşinyan özü də bunu yaxşı bilir. Şərti sərhəddə də vəziyyət nisbətən yaxşıdır. Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetindəki konfransda çıxışında qeyd etdi ki, Azərbaycanın Ermənistan ərazisinə hər hansı iddiası yoxdur və bununla bağlı heç bir plan mövcud deyil.
Mərkəz sədri hesab edir ki, Paşinyanın çıxışları bəlli istiqamətlərə yönəlib: “Guya ki, hər hansı bir təhlükə yarana bilər. Düşünürlər ki, ona görə də bütün məsələləri bağlamaq lazım deyil. Bu baxımdan onlar iddia edirlər ki, ATƏT-in Minsk Qrupu hələ də gündəmdə olmalıdır”.