
Azərbaycan çoxqütblü sistemin gücləndirilməsi üçün öz geosiyasi mövqeyi və diplomatik neytrallığından istifadə etməklə Şimalla Cənub arasında vacib strateji körpü rolunu oynayır.
Bu barədə “La Gazette du Caucase” adlı fransız onlayn nəşri yazır.
“La Gazette du Caucase”nin məqaləsində qeyd olunur ki, müasir geosiyasi diskursda “Qlobal Cənub” və “Qlobal Şimal” anlayışları artıq coğrafi mövqe ilə birbaşa bağlı deyil, daha çox sosial-iqtisadi, siyasi və tarixi fərqləri əks etdirir.
Bu kontekstdə Azərbaycan öz əlverişli coğrafi mövqeyi, neytral siyasəti və fəal diplomatiyası sayəsində bu iki dünya arasında körpü rolunu oynayan əsas oyunçu kimi fərqlənir.
“La Gazette du Caucase” vurğulayır ki, Azərbaycanın rolu sadəcə tranzit məntəqəsi olmaqdan ibarət deyil: bu, milli maraqları çoxqütblü əməkdaşlıqla birləşdirən şüurlu və balanslaşdırılmış xarici siyasət strategiyasıdır.
Nəşr qeyd edir ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan beynəlxalq hüquqa və suverenliyə hörmətə, eləcə də, iqtisadiyyatın şaxələndirilməsinə əsaslanan xarici siyasət yürüdür.
“Bunun sayəsində ölkə həm Qərb dövlətləri və Rusiya ilə, həm də İslam dünyası və Qlobal Cənubun inkişaf edən ölkələri ilə davamlı münasibətlər qura bilib. Azərbaycanın böyük beynəlxalq təşəbbüs və təşkilatlarda fəal iştirakı bu əlaqələri daha da gücləndirir”, – məqalədə bildirilir.
“La Gazette du Caucase” Azərbaycanın tranzit qovşağı kimi mövqeyindən irəli gələn iqtisadi və geosiyasi təsiri xüsusi qeyd edir.
“Əsas layihələr arasında Orta Dəhliz, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, eləcə də Çinin ‘Bir kəmər, bir yol’ təşəbbüsü yer alır ki, bunlar da ölkəyə enerji təhlükəsizliyi və qlobal ticarət logistikası sahəsində mühüm rol qazandırır”, – nəşr yazır.
Bundan əlavə, məqalə müəllifləri Bakıda COP29, İslam Əməkdaşlıq Təşkilatının sammiti və BMT-nin Ümumdünya Şəhərlər Forumu kimi böyük çoxtərəfli tədbirlərin keçirilməsinin əhəmiyyətinə diqqət çəkirlər.