
Amerikalı və avropalı rəsmilər ötən gün axşam saatlarında Ukrayna Prezidenti Vladimir Zelenskini radikal addımlardan çəkindirməyə nail olublar. Zelenski bu həftə üçün planlaşdırılan danışıqların gedişindən məyus olaraq, köməkçilərinə Türkiyədə rusiyalı rəsmilərlə görüşməyə icazə verməyəcəyini bildirmişdi.
Bu barədə vəziyyətlə tanış iki diplomat “Vaşinqton Post” nəşrinə məlumat verib.
Bildirilir ki, rəsmilər Ukrayna tərəfinin heç olmasa yüksək rütbəli köməkçilərdən ibarət nümayəndə heyətini — Prezident Administrasiyasının rəhbəri Andrey Yermakı və xarici işlər naziri Andrey Sibiqanı danışıqlara göndərməsinin vacibliyini vurğulayıblar. Lakin onlar Ukrayna liderinin dəfələrlə göstərdiyi müqavimətlə qarşılaşıblar.
“Zelenski ümumiyyətlə ora getməkdə məna görmürdü”, – deyə diplomatların biri deyib.
Qeyd olunur ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ukraynalıları inandıra bilib ki, Rusiya ilə birbaşa danışıqlarda iştirak etmələri “uduşlu” vəziyyətdir: əgər onlar gəlsə, Rusiya isə qatılmasa, Moskva pis vəziyyətdə qalacaq və bunun nəticələrinə qatlanmalı olacaq.
Mənbənin sözlərinə görə, əgər həm Ukrayna, həm də Rusiya danışıqlara qatılarsa, tərəflər atəşkəsə və müharibənin sonuna bir addım da yaxınlaşa bilərlər./axar.az