
Mayın 15-də İstanbulda başlayacaq Ukrayna-Rusiya danışıqlarının prezidentlər səviyyəsində olub-olmayacağı məsələsi hələ də açıq qalır. Buna baxmayaraq, artıq Ukrayna Prezidenti Volodimir Zelenski istənilən halda İstanbula gedəcəyini və orada Vladimir Putinlə görüşməyə hazır olduğunu deyir.
“Liberation” nəşrinə müsahibə verən Ukrayna Prezidentinin dediyinə görə, Vladimir Putinlə görüşəcəyi təqdirdə, onunla tam atəşkəs və bütün məhbusların mübadiləsi barədə danışacaq.
“Əgər mən onunla görüşsəm, biz siyasi qələbə ilə çıxmalıyıq – atəşkəs, bütün məhbusların bütün məhbuslarla dəyişdirilməsi və ya buna bənzər bir şey”, – Zelenski deyib.
Onun sözlərinə görə, “ruslar ukraynalılara, ukraynalılar isə ruslara etibar etməyəcəklər”. Ona görə də Zelenski hesab edir ki, istənilən razılaşmaya əməl olunmasına yalnız kənar vasitəçilər zəmanət verə bilər.
Zelenski hər iki tərəfin hörmət edəcəyi etibarlı, balanslaşdırılmış vasitəçiliyə ehtiyac olduğunu qeyd edib. O, xüsusən də nəzarət mexanizminin mümkün qarantı kimi ABŞ-ni göstərib.
Onun fikrincə, ABŞ Prezidenti Donald Trampın danışıqlarda iştirakı Putini İstanbula gəlməyə sövq edə bilər: “Putin gəlməsə, bu, onun üçün tam məğlubiyyət kimi görünəcək”.
Zelenski növbəti dəfə ABŞ və Avropa İttifaqını Rusiyaya qarşı yeni sərt sanksiyaların tətbiqinə çağırıb.
Münaqişənin mümkün müddəti ilə bağlı suala isə Zelenski belə cavab verib: “Heç kim bunun nə qədər davam edəcəyini bilmir. Amma on il yox. Ukrayna dözə bilməyəcək… Bu, hamı üçün baha başa gəlir, təkcə dostlar üçün deyil, düşmənlər üçün də”.
Bundan əvvəl Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla cümə axşamı Ankarada görüşünün planlaşdırıldığını, lakin Putin İstanbula uçmağa razılaşarsa, Ərdoğanla birlikdə İstanbula gələ biləcəyini deyib. Ukrayna Prezident Ofisinin başçısı Andrey Yermak isə bəyan edib ki, əgər Putin Türkiyəyə gəlməkdən imtina edərsə, bu, Rusiyanın müharibəni dayandırmaq istəməməsinin son siqnalı olacaq.
Lakin Kreml tərəfindən hələlik dəqiq və konkret cavab yoxdur. Rusiya tərəfi yalnız mayın 15-də İstanbulda danışıqlara hazırlığı davam etdirdiyini deyib. /azpolitika.info