
Hibrid avtomobillərin əlavə dəyər vergisindən (ƏDV) azad olunması ilə bağlı güzəşt müddətinin uzadılıb-uzadılmaması məsələsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Buna səbəb kimi bu ilin sonunda sözügedən avtomobillərə tətbiq olunan güzəşt müddətinin başa çatması göstərilib.
Müzakirə iştirakçılarını maraqlandıran əsas məsələlərdən biri güzəşt müddətinin uzadılıb-uzadılmayacağı və eyni zamanda, güzəştlərin ləğv ediləcəyi təqdirdə bazarda hansı qiymət dəyişikliklərinin baş verə biləcəyi olub.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Vüqar Bayramovun fikirlərini öyrəndik.
O qeyd edib ki, sözügedən güzəştlərin tətbiq edilməsində əsas məqsəd hibrid avtomobillərin Azərbaycana gətirilməsini sürətləndirmək idi.
“Təbii ki, hər il Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edilir. Bu dəyişikliklərdə ya müəyyən güzəştlərin dairəsi genişləndirilir, ya da yeni güzəştlər tətbiq olunur. Bu baxımdan 2026-cı ildə də Vergi Məcəlləsində dəyişikliklərin davam etdiriləcəyi gözləniləndir. Bu səbəbdən hibrid avtomobillərə tətbiq olunan güzəşt müddətinin uzadılıb-uzadılmaması məsələsi də ilin ikinci yarısında, dəyişikliklər tətbiq edilən zaman bəlli olacaq”, – deyə V.Bayramov bildirib.
Güzəşt müddətinin ləğv olunacağı təqdirdə hibrid avtomobillərinin qiymətində baş verə biləcək artıma gəlincə isə, V.Bayramov vurğulayıb ki, bu güzəştlərin ləğvi ili nisbətən köhnə olan avtomobillərin qiymətlərinə təsir göstərməyəcək.
“Çünki nəticə etibarilə ili köhnə olan avtomobillərlə bağlı belə bir güzəşt yox idi. Güzəştlər yalnız yeni və nisbətən yeni olan avtomobillərə tətbiq olunurdu. Qiymətlərə təsirinə gəldikdə, təbii ki, əgər güzəştlər götürülərsə, baxmayaraq ki, güzəştlərin götürüləcəyi ilə bağlı hansı qərarın veriləcəyi indiki halda bəlli deyil, o zaman qiymətdə artımlar müşahidə edilə bilər.
Yəni əgər güzəşt müddəti uzadılmayacaqsa, o zaman xərc artımları müşahidə olunacaq ki, bu da ili yeni olan avtomobillərin qiymətlərinə təsir göstərəcək. Ümumi xərcin artımı avtomobilin qiymətindən asılı olaraq fərqli faizlə ifadə oluna bilər. Amma bu, yenə də Vergi Məcəlləsinə hansı dəyişikliklərin edilməsindən asılı olacaq.
Daha sadə dildə izah etsək, əgər hibrid avtomobillərə tətbiq edilən ƏDV-dən azad olmanın müddəti uzadılacaqsa, o zaman bu avtomobillərin ölkəyə idxal xərclərində və satış xərclərində hər hansı dəyişiklik baş verməyəcək. Güzəşt müddəti uzadılmayacağı təqdirdə isə biz xərclərdə və buna uyğun olaraq da qiymətlərdə artımları müşahidə edə bilərik”, – deyə V.Bayramov qeyd edib.