
Hindistan iyul ayında Ermənistana “Akaş” hava hücumundan müdafiə raket sistemlərinin ikinci partiyasını göndərəcək. Bu barədə “IADN” agentliyi məlumat yayıb.
Qeyd edək ki, 2022-ci ildə Hindistan və Ermənistan arasında təxminən 710 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb. Ermənistan Hindistanın bu sistemləri ixrac etdiyi ilk ölkə olub. Ötən ilin noyabrında “Akaş” sistemlərinin ilk partiyası Ermənistana təhvil verilib.
“Akaş” raket sistemləri Hindistanın Müdafiə Tədqiqat və İnkişaf Təşkilatı (DRDO) tərəfindən hazırlanıb və “Bharat Electronics Limited” tərəfindən istehsal olunur. Sistem döyüş təyyarələri, raketlər və pilotsuz uçuş aparatlarını 25 km məsafədə məhv etmək gücünə malikdir.
Azərbaycan Hindistanın bu silah tədarükünü regionda sabitliyə təhdid kimi qiymətləndirib. Prezident İlham Əliyev bildirib ki, bu silahlar Qarabağ müharibəsində Azərbaycan əsgərlərinə qarşı istifadə olunub və Hindistanın bu siyasəti ikitərəfli münasibətlərə təsir göstərə bilər.
2023-cü ilin iyulunda Prezidentin köməkçisi Hikmət Hacıyev Hindistanın Azərbaycandakı səfiri ilə görüşərək rəsmi narahatlıq ifadə edib.
Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan isə bildirib ki, bu əməkdaşlıq müdafiə xarakterlidir və üçüncü tərəfə qarşı yönəlməyib. Hindistan tərəfi də bu addımın regional balanslara müdaxilə məqsədi daşımadığını vurğulayıb.
Siyasi analitik Elxan Şahinoğlu isə bildirir ki, bu silahlar Ermənistanın yalnız müdafiəsini gücləndirmir, həm də psixoloji üstünlük yaratmaq məqsədi daşıyır.
Türkiyəli analitik Metin Gürcan isə bu vəziyyətin Azərbaycanı İsrail, Türkiyə və Pakistanla hərbi-texniki əməkdaşlığı genişləndirməyə təşviq edəcəyini və bunun bölgədə qarşılıqlı silahlanmanı artıracağını qeyd edir. /azpolitika.info