
“Hindistan regional sabitliyi pozan siyasətindən geri çəkilməli və gərginliyin artmasına səbəb olan addımlardan imtina etməlidir. Bu fonda, Pakistanla dostluq və strateji əməkdaşlıq münasibətləri olan ölkələr, o cümlədən Azərbaycan, prosesə aktiv şəkildə təsir göstərməli, münaqişənin dinc və konstruktiv yollarla həllinə töhfə verməlidirlər”.
Bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin mayın 8-də keçirdiyi mətbuat konfransında deyib.
“Beynəlxalq qurumlar da bu məsələdə öz məsuliyyətlərini dərk etməli və ədalətli mövqe nümayiş etdirməlidirlər. Təəssüf ki, hazırkı mərhələdə Hindistanın sərgilədiyi yanaşma əməkdaşlıq ruhundan uzaqdır. Eyni zamanda, rəsmi Dehliyə siyasi və diplomatik dəstək verən dövlətlər də məsuliyyətli davranmalı və bu cür yanaşmalara açıq və ya dolayı formada rəvac verməməlidirlər. Hindistan tərəfi isə əsassız ittihamlara son qoymalı və dialoqa üstünlük verməlidir”, – deyə diplomat söyləyib.
Xatırladaq ki, Hindistan-Pakistan münasibətləri aprelin 22-də Kəşmirin Dehlinin nəzarətində olan hissəsində silahlıların mülki şəxslərə hücumundan sonra gərginləşib. Dehli baş verənlərə görə İslamabadı ittiham edərkən, Pakistan bunu qəti şəkildə rədd edib.
Hindistan mayın 6-dan 7-nə keçən gecə sübuta yetirmədiyi bu ittihamları əsas gətirərək, Pakistan ərazisinə hava zərbələri endirib. Hücum zamanı Pakistanda 31 nəfər mülki şəxs həlak olub, 50-yə yaxın insan yaralanıb. Pakistan cavab olaraq, Hindistanın hərbi hədəflərinə zərbələr endirib. Nəticədə Hindistanın 5 qırıcısı, sərhəddə briqada qərargahı və digər hərbi hədəfləri məhv edilib.