
“”Canişin” əfəndinin (Naxçıvan Muxtar Respublikasında Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəfli nəzərdə tutulur -red.) komandası deyəsən Ginnesin “Rekordlar” kitabına düşməyə qərar verib…” Bu ilginc açıqlama ilə tanınmış jurnalist Heydər Oğuz çıxış edib.
O daha sonra bildirib: “İddialara görə, Naxçıvan MR-ın yeni təyin olunan İqtisadiyyat naziri Kazım Hüseynəliyevin “darğalılığı” cəmi bir neçə saat sürüb. Bildirilir ki, adam təyinatdan sonra Naxçıvandan Bakıya qaçıb və “Mən onun naziri olmaq istəmirəm” deyib səsini başına atıb.
İddiaların nə qədər doğru olduğunu deyə bilmərəm. Amma fakt budur ki, Naxçıvanın bütün rəsmi media orqanları bu sabah təyinatla bağlı yazdıqları xəbərləri siliblər.
Bununla belə qəm yeməyə dəyməz. Kazım Hüseynəliyev müəllim bundan sonra rahatlıqla and içib “Mən də nazir olmuşam”,- deyə bilər…”
Bunun ardından H.Oğuz Naxçıvandakı anlaşılmaz durumla bağlı yeni bilgilər də təqdim edib. O qeyd edir:
“Sən demə, Muxtar Respublikanın təzə İqtisadiyyat nazirinin “canişin” komandasından qaçması kiçik torpaqda başlayan asta qaçış marafonunun ilk nümunəsi deyilmiş. Bundan əvvəl Muxtar Respublikanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Cavid Muxtar oğlu Kəngərli də başını götürüb Naxçıvandan üzüsulu qaçıb. Səbəb: qanunsuz işlərə cəlb olunmaq və “canişin” əfəndinin qeyri-qanuni tələblərini yerinə yetirmək istəməməsi.
Qeyd edək ki, Cavid Kəngərli 23 iyul 2024-cü il tarixində bu vəzifəyə təyin olunmuşdu. Onun nazirliyi sonuncu bir neçə saatlıq İqtisadiyyat nazirindən xeyli uzun çəkib. 20 fevral 2025-ci ildə öz ərizəsi ilə işdən çıxan Cavid əfəndi keçmiş kreslosunda cəmi 6 ay 27 gün otura bilib…
***
Naxçıvanın təzə İqtisadiyyat naziri Kazım Hüseynəliyevin “asta qaçış marafonu”na qoşulmasının şok səbəbi bəlli oldu.
Əldə etdiyimiz məlumata görə, təyinatda bir balaca “səhvlik” olub. Kazım Hüseynəliyev əslində nazir əvəzi təyin olunmalı imiş. Amma Naxçıvanın Baş naziri Ceyhun Cəlilov onun sinif yoldaşı olduğundan uşaqlıq dostuna bir az güzəşt etmək istəyib və Kazım müəllimi birbaşa nazir vəzifəsinə təyin edib. Bu da paytaxtda sərt reaksiya ilə qarşılanıb. İddialara görə, Baş nazir yaxın günlərdə bu böyük “səhv”ini düzəldilərək onu həqiqi vəzifəsinə təyin edəcək. Yəni sabiq bir neçə saatlıq nazir yeni naziri əvəzi vəzifəsini icra etməyə başlayacaq.
Hər halda, gözləyək…
***
Naxçıvanda “asta qaçan namərddir” marafonunun növbəti iştirakçısının Muxtar Respublikanın Fövqəladə hallar naziri Şahin Mirzəyevin olacağı gözlənilir.
Əldə etdiyimiz məlumatlara görə, onun qaçış marafonuna qoşulması könüllülük əsasına söykənmir. Digər marafon iştirakçılarından fərqli olaraq, Şahin Mirzəyevi Azərbaycan FHN naziri Kəmaləddin Heydərov qaçırır. Yəni qaçmağa məcbur edir.
İddialara görə, FHN naziri K. Heydərov öz kiçik həmkarını “canişin”in qanunsuz tapşırıqlarını yerinə yetirdiyinə görə sərəncama götürülüb. Heydərovun bu qərarı verməsi onun Naxçıvana son səfərindən sonraya təsadüf edir.
İddialara inansaq, Şahin Mirzəyevin yaxın günlərdə vəzifəsi ilə vidalşacağı gözlənilir.
Maraqlıdır ki, Kəmaləddin Heydərov Naxçıvana son səfəri zamanı Nax. MR FHN-in bir neçə vəzifəli şəxsini işdən qovub. Səbəbini isə bununla izah edib ki, Naxçıvan FHN son illərdə insanları incidən, qanunsuz yoxlamalar aparan və korrupsiyaya ilə məşğul olan bir quruma çevrilib.
Qeyd olunur ki, Şahin Mirzəyev hazırda öz xidməti otağında belə otura bilmir, müavinin kabinetində komputer oyunları oynamaqla gününü sayır…”/dia.az