
“Made in Azerbaijan” brendi altında təqdim olunan sənaye məhsullarının Cənubi Afrika, Yəmən və Argentinaya ixrac olunmasına başlanılıb.
Bu barədə mətbuata İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.
“Sənaye zonalarında inşa edilən müəssisələr ilk növbədə daxili bazarın tələbatını ödəmək məqsədilə məhsul istehsal edir. Əsas diqqət yerli bazarın ehtiyaclarına yönəlib. Sənaye zonalarının ən böyük üstünlüklərindən biri isə ölkənin idxaldan asılılığını azaltmaq, yeni ixrac imkanları yaratmaq və yerli sənaye məhsullarını “Made in Azerbaijan” brendi altında xarici bazarlara çıxarmaqdır. Hazırda bu brend adı altında istehsal olunan məhsullara dünyanın 70-dən artıq ölkəsində rast gəlmək mümkündür”,- deyə məlumatda qeyd edilib.
Agentlikdən o da bildirilib ki, sənaye zonalarının fəaliyyəti nəticəsində valyutanın ölkədən çıxmasının qarşısı alınır, əksinə, ölkəyə valyuta axını artır: “Agentliyin əsas məqsədlərindən biri də Azərbaycanın idxalçı ölkədən ixracatçı ölkəyə çevrilməsidir. Bu istiqamətdə əhəmiyyətli nailiyyətlər əldə olunub. Belə ki, sənaye parklarında fəaliyyət göstərən müəssisələrin 50 %-dən çoxu məhsullarını xarici bazarlara çıxarır. Hazırda təqribən 50-dən çox çeşiddə məhsul ixrac olunur. Yaxın vaxtlarda isə “Made in Azerbaijan” brendi altında təqdim olunan məhsulların çeşidinin daha da genişlənəcəyi gözlənilir. Bu istiqamətdə atılan addımlardan biri sənaye zonalarında yeni müəssisələrin, o cümlədən avtomobil sənayesinə aid istehsal zavodlarının (məsələn, İVECO markasının yeni zavodu) fəaliyyətə başlamasıdır”.