
Proqnozlaşdırıldığı kimi, həftənin ilk iş günü dünya birjalarında neft qiymətlərində kəskin eniş müşahidə olunur.
Elektron hərracda “Brent” markalı neft 3.25 dollar uuzlaşaraq 59 dollardan aşağı düşüb.
Xatırladaq ki, OPEC+ ölkələrinin şənbə günü keçirilən iclasında iyunda neft hasilatının sutkada 411 min barrel artırılması barədə razılıq əldə olunub. Analitiklər qərarın beynəlxalq birjalarda ticarət açıldıqdan sonra – 5 may bazar ertəsi günü neftin qiymətlərinin kəskin aşağı düşməsinə səbəb olacağını pronqozlaşdırırdılar. May ayında da hasilat eyni həcmdə artırılmışdı və bu, artıq “Brent” markalı neftin qiymətinin aprel ayında 7 faizdən çox azalmasına gətirib çıxardı. Keçən həftə “Brent”-in bir barrelinin qiyməti 60 dollar səviyyəsindən aşağı düşmüşdü. Həftənin sonuna doğru qiymətlər qismən bərpa olunsa da, OPEK+ ölkələrinin hasilatı daha da artırması bazara təzyiqləri gücləndirir.
Ekspertlər OPEK+ ölkələrinin son addımlarını “neft bazarı üçün şok” kimi qiymətləndirirlər. Hasilatın artırılmasının əsas təşəbbüskarı Səudiyyə Ərəbistanı olub. Ər-Riyad, Qazaxıstan və İraqın kvotalara əməl etməməsindən narazılığını bildirib və qiymətlər düşsə belə, ixracı artırmaq niyyətində olduğunu açıqlayıb. Səudiyyə Ərəbistanı neft gəlirlərindəki mümkün itkiləri ixracı artırmaqla kompensasiya etməyə çalışacaq.
Bununla belə, Küveytin energetika naziri Tarik Süleyman əl-Rumi bildirib ki, qəbul edilən qərar bazardakı vəziyyət dəyişərsə, yenidən nəzərdən keçirilə bilər. Onun sözlərinə görə, OPEK+ həm hasilatı əlavə artırmağa, həm də zərurət yaranarsa, dondurmağa hazırdır. Əl-Rumi xüsusilə qeyd edib ki, alyans ölkələri 2024-cü ilin yanvar ayından etibarən kvota pozuntularını kompensasiya etməyə çalışacaqlar.
Xatırladaq ki, Tramp əvvəllər neft qiymətlərinin 40 dollar səviyyəsinə qədər düşməsinin zəruriliyini bəyan etmişdi ki, bu da onun daxili iqtisadi siyasətinin populyarlığını artıra bilərdi.
Bununla belə, neftin ucuzlaşması ABŞ-də hasilatın rentabelliyini şübhə altına alır. Mövcud qiymətlərlə bir çox amerikalı istehsalçılar zərərə düşmək riski ilə üzləşə bilər və bu da hasilatın azaldılması ilə nəticələnə bilər.
Azərbaycan da neft qiymətlərindəki enişdən təsirlənir. Keçən həftə Azeri Light markalı neftin bir barrelinin qiyməti 64 dollara qədər enib. Bu göstərici, Azərbaycanın 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş qiymətdən 6 dollar aşağıdır. Əgər bu neqativ dinamika davam edərsə, büdcənin həm gəlir, həm də xərclər hissəsinin yenidən nəzərdən keçirilməsi lazım gələ bilər.
Neft-qaz sektoru üzrə ekspert İlham Şaban şərhində bildirib ki, OPEC+ qərarından sonra bazarda ləngərləmələr artacaq, bundan ən çox udan möhtəkirlər olacaq. “Başqa bir tərəfdən də, dünya düzəlməsə, yeni qaydalar əsas güc mərkəzləri tərəfindən qəbul edilməsə, dünyada stabillik də olmayacaq. Sabilliyin olmadığı şəraitdə neftdən stabil qiymətlər də gözləmək əbəsdir. Ona görə də bu dövrü daha ağrısız-acısız keçirmək üçün ölkədaxili enerjimizi toparlamalıyıq”, -İ.Şaban vurğulayıb. /azpolitika.info