
“Hazırda ölkə üzrə 16 mindən çox istismar müddəti bitmiş bina mövcuddur. Bu siyahıya sovet dövründə inşa olunmuş çoxmənzilli yaşayış binaları, eyni zamanda şəhərin mərkəzində yerləşən bəzi köhnə binalar daxildir. Mart ayında yaranan vəziyyətlə əlaqədar olaraq Baş nazirin sədrliyi ilə keçirilən iclasda Fövqəladə Hallar Nazirliyi həmin siyahıdan 197 binanı xüsusi olaraq seçərək qeydiyyata alıb. Bu binalarda yaşamaq artıq vətəndaşlar üçün təhlükəli hesab olunur və onların qısa müddət ərzində sökülməsi ilə bağlı Baş nazir tərəfindən ilkin tapşırıqlar verilib, müvafiq komissiyalar yaradılıb. Artıq bəzi qəzalı binalarda sakinlərin köçürülməsi və söküntü prosesi başlanıb. Bu prosesə daxil olan binalardan biri Sabunçu rayonunda, digəri isə Xətai rayonunda yerləşir. Sakinlərin mərhələli şəkildə köçürülməsi həyata keçirilir və təhlükəli vəziyyətdə olan binalar sökülür”.
Bunu əmlak eksperti Elnur Azadov deyib.

Ekspert bildirib ki, sözügedən 197 bina faktiki olaraq Bakı şəhərinin demək olar ki, bütün rayonlarında yerləşir. Dövlət tərəfindən bu binaların qısa müddətdə sökülməsi, sakinlərə kompensasiya ödənilməsi və ya tikinti şirkətlərinin bu işə cəlb olunması məsələsi gündəmdədir. Lakin hələlik dövlətin bu qədər genişmiqyaslı layihəni maliyyələşdirməsi üçün kifayət qədər vəsaiti yoxdur:
“16 min bina getdikcə qəzalı vəziyyətə düşəcək. Ölkəmizdə 100-ə yaxın tikinti şirkəti var və 16 min binanın yenilənməsi istiqamətində heç bir resursları yoxdur. Bu o deməkdir ki, qəzalı binaların sayı çox olacaq. Qeyd edim ki, hökumət də o qədər yükü daşıya bilmir. Dövlət hesabına bu qədər binaların sökülməsi, vətəndaşlara konpensasiyaya verilməsi mümkün deyil”./bakupost.az