
“ABŞ və Ukrayna arasında imzalanan “Bərpa üzrə İnvestisiya Fondunun yaradılması haqqında saziş” ölkələr arasında iqtisadi və siyasi əlaqələri yeni mərhələyə daşıyır. Bu müqavilə, təkcə Ukraynanın bərpası üçün deyil, həm də ABŞ ilə uzunmüddətli strateji tərəfdaşlığın əsasını qoyur”.
Bunu siyasi şərhçi Şahin Cəfərli ABŞ və Ukrayna arasında imzalanmış “Mineral sazişi” adlanan sazişin əhəmiyyətini izah edərkən bildirib.
Sazişin əsas xüsusiyyətləri haqda danışan ekspert qeyd edir ki, anlaşmaya görə, Ukraynanın yeraltı və yerüstü sərvətləri, o cümlədən ərazi sularındakı ehtiyatlar tamamilə Ukrayna dövlətinin mülkiyyəti olaraq qalır: “Bu, ABŞ-ın Ukraynaya olan borcları və onların qaytarılması ilə bağlı heç bir öhdəlik daşıdığı anlamına gəlmir. Sazişin ən diqqətçəkən hissələrindən biri də ABŞ-ın və Ukraynanın Fondun idarə olunmasında 50/50 bərabər paya sahib olmasıdır.
Ukrayna hökuməti yeni sahələrin və yataqların istismarı üçün verəcəyi lisenziyalardan əldə etdiyi gəlirin 50%-ni bu Fonda köçürəcək. ABŞ isə Fonda maliyyə, hərbi yardım və texnologiya cəlb etməyi öz üzərinə götürür. Önemli bir digər məqam isə Fondun gəlirlərindən nə ABŞ-də, nə də Ukraynada vergi tutulmamasıdır”.
Bəzi ekspertlər və şərhçilər, bu sazişin ABŞ-ın Ukraynadakı iqtisadi və hərbi iştirakını artıracağını qeyd edir. Bununla belə, ABŞ tərəfinin bu razılaşmadan konkret olaraq nə əldə edəcəyinin tam olaraq aydın olmadığı vurğulanır.
Ş.Cəfərli vurğulayır ki, bu məsələnin texniki detalları, daha sonra imzalanacaq sənədlərdə müəyyən edilə bilər.
Təhlilçinin sözlərinə görə, bu anlaşma Trampın daxili auditoriyasına “Bayden dövründə verilən yardımları əvəzində nələr əldə ediləcəyi” mesajını vermək məqsədi güdür: “ABŞ şirkətlərinin müharibədən sonra Ukraynanın bərpasında daha çox pay alacağı ehtimalı da diqqət çəkir. Bu, həmçinin Putinin Rusiyasının maliyyə təzyiqlərinə qarşı ABŞ-nin strateji bir addımı kimi də qiymətləndirilə bilər”.
Şahin Cəfərli, bu sazişi Ukraynanın siyasi və strateji əhəmiyyəti baxımından xüsusi olaraq qiymətləndirir: “ABŞ-nin Ukraynanın gələcəyinə olan inamını və bu gələcəyə yatırım qoyma iradəsini göstərən bu razılaşma, həm də Rus imperiyasının hədəflədiyi Ukraynanın milli dövlətini qorumaq üçün vacib bir addımdır.
Ukraynanın bərpası, inkişafı, təhlükəsizliyi və qlobal iqtisadi strukturlara inteqrasiyasına ABŞ-nin dəstəyi sazişin əsas məqsədidir. ABŞ və Ukraynanın uzunmüddətli strateji tərəfdaşlıq barədə vurğulanan məqamlar da bu razılaşmanın Ukrayna üçün bir növ qələbə olduğunu göstərir”.
Ekspert xatırladır ki, sazişin imzalanmasının ardınca, ABŞ tərəfindən Ukraynaya 50 milyon dollar dəyərində hərbi məhsul ixracı edilməsi gözlənilir: “Bu, Tramp dövründəki ilk hərbi dəstək paketidir. Eyni zamanda, ABŞ Senatında sülhə razı olunmadığı halda, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı qanun layihəsinə 72 senator imza atıb. Bu layihə, Rusiyadan enerji resursları alan ölkələrə 500%-lik rüsum tətbiq edilməsini nəzərdə tutur”.
Təhlilçi vurğulayır ki, ABŞ və Ukrayna arasında imzalanan bu “minerallar anlaşması” iki ölkə arasındakı münasibətləri daha da dərinləşdirir. Onun sözlərinə görə, Ukrayna üçün bu sazişin ən böyük mənası, ABŞ-ın Ukraynanın gələcəyinə olan inamıdır. Həmçinin, bu addım, Rusiyaya qarşı geosiyasi mübarizədə ABŞ – nin mövqeyinin gücləndirilməsi üçün mühüm bir strategiyadır./azpolitika.info