
ReAl Partiyasının sədri Natiq Cəfərli Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
– Natiq bəy, Ermənistan tərəfinin sülh prosesi ilə ATƏT-in Minsk qrupu arasında paralellik aparmaqda məqsədi nədir? İrəvan bununla nəyə nail olmaq istəyir?
– ATƏT-in Minsk qrupunun ləğvi məsələsi Azərbaycanın haqlı tələbidir. Beynəlxalq hüquqa və məntiqə uyğun olaraq Minsk qrupu ləğv olunmalıdır. Münaqişə yoxdursa, onunla məşğul olan beynəlxalq qurum da olmamalıdır. Ermənistan isə iddia edir ki, Minsk qrupunun ləğvi ilə bağlı indi müraciət olunsa, Azərbaycan sülh müqaviləsinin bağlanmasında başqa şərtlər irəli sürə bilər. Ona görə də bunun eyni vaxtda, hətta eyni gündə həyata keçirilməsini istəyirlər. İddia edirlər ki, sülh müqaviləsi üzrə çərçivə razılaşması imzalanan gün, Minsk qrupunun buraxılması ilə bağlı Azərbaycanla Ermənistanın birgə müraciəti qəbul edilsin. Etdikləri israr məhz bununla bağlıdır.
– Rəsmi Bakının bu iddiaya münasibəti necədir? Hər iki məsələni eyni vaxtda həll etmək Azərbaycan üçün nə qədər məqbul seçim ola bilər?
– Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır. Rəsmi Bakı açıq şəkildə bəyan edib ki, ilkin sülh razılaşması üçün iki mühüm şərt icra edilməlidir. Bu Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarının aradan qaldırılması və Minsk qrupundan imtina ilə bağlıdır. Çünki ermənilərin sonradan öz imzalarını geri çəkməcəyi ilə bağlı əminlik yoxdur. Ona görə də birgə müraciət əsasında Minsk qrupunun ləğv edilməsi Bakının əsas tələbi kimi gündəmdədir və bu sülh sazişindən öncə mümkün olmalıdır. Bu da daha məntiqli bir yanaşmadır.
– Hansı halda bu üç məsələ üzərində tərəflər razılığa gələ bilər? Bunun üçün əsas şərtlər nədən ibarətdir?
– Beynəlxalq məhkəmələrdən qarşılıqlı olaraq iddiaların geri çəkilməsi ilə bağlı Bakının tələbi Ermənistan tərəfindən qəbul edilsə, üç sənədin bir gündə imzalanması mümkündür. Belə bir ehtimal var. Çox guman ki, Azərbaycan bu məsələnin də tezliklə həll olunmasına çalışacaq. Nəticədə, Ermənistan tərəfinin bu məsələlərlə bağlı qaçmağa imkanı olmayacaq. Onlar da anlayır ki, Azərbaycanın tələbləri heç də qalib tərəfin şərti deyil. Əslində rəsmi Bakı qalib tərəf olduğuna görə daha üstün tələblər irəli sürə bilərdi. Azərbaycanın indiki tələbləri beynəlxalq hüquqa və məntiqə uyğundur. İrəvan isə bu məsələlərdə sona qədər dirəniş göstərə bilməyəcək. Ola bilər ki, yaxın həftələrdə bununla bağlı hansısa irəliləyiş əldə etmək mümkün olsun.
– İran Zəngəzur dəhlizi ilə bağlı növbəti dəfə Ermənistanın ərazi bütövlüyü amilini gündəmə gətirib. Rəsmi Tehranın bu məsələdəki narahatlığı nə ilə bağlıdır?
– İran-Ermənistan sərhəddi Tehran üçün Avropaya potensial çıxış imkanıdır. Onlar Ermənistan üzərindən Gürcüstana, oradan da Qara dənizə çıxa bilirlər. İndiki halda bu xəttin dəyişməsi onlara sərf etmir. Düşünürlər ki, burada istifadə rejimi dəyişsə, bu gələcəkdə İranın həmin istiqamətdə hərəkətinə çətinlik yarada bilər. Siyasətlərini də məhz bu ehtimal üzərində qururlar.
– Tehranın bu məsələdəki mövqeyi rəsmi Bakı tərəfindən necə qarşılanır?
– Azərbaycan bu məsələdə daha səmimi davranır. Hətta İran üzərindən keçən yolların çəkilməsinə Bakı razılıq verməklə yanaşı, maliyyə yükünün böyük bir hissəsini üzərinə götürdü. Ümumilikdə isə, İranın bu məsələdə tərəddüdü Zəngəzur dəhlizinin açılması fonunda onun gələcəkdə Turan yoluna çevrilməsi məsələsi ilə bağlıdır. Bu Türk Dövlətləri Birliyinin (TDT) daha da güclənməsi deməkdir. İran ərazisində olan milyonlarla soydaşımızın yaşadığı nəzərə alınsa, Tehran məhz bu reallıqdan narahat olur. Ona görə də müxtəlif bəhanələrlə Ermənistanın ərazi bütövlüyü amilini gündəmə gətirməklə bu məsələdə tərəf olmağa çalışır. Turan yolunun gələcəkdə İran daxilində əks-səda doğurmaq cəhdinin qarşısını almaq niyyətləri bununla bağlıdır.