
Vladimir Putin Ukrayna ilə imzalanacaq istənilən sülh sazişini poza bilər. Üstəlik, Rusiyada artıq buna açıq eyham vururlar.
ABŞ Müharibə Araşdırmaları İnstitutunun(ISW) son hesabatında belə deyilir.
Hesabatda qeyd olunur ki, Rusiyanın yüksək vəzifəli təmsilçilərinin son açıqlamalarının yaratdığı mənzərəyə görə, istənilən razılaşmaya rəğmən, Moskva hər an irimiqyaslı müharibəni yenidən başlada bilər.
Amerikalı analitiklər Vladimir Putinin sözçüsü Dmitri Peskovun aprelin 29-da verdiyi açıqlamaya diqqət yönəldirlər. Peskov həmin açıqlamasında növbəti dəfə Volodimir Zelenskinin Ukrayna Prezidenti kimi “qeyri-legitimliyinə” işarə edib və deyib ki, bu məsələ gələcəkdə imzalancaq Rusiya – Ukrayna razılaşması üçün hüquqi əngəllər yarada bilər. Baxmayaraq ki, ardınca Peskov guya Rusiya danışıqların başlamasında olduqca maraqlı olduğu üçün digər məsələlərin “ikinci dərəcəli olduğunu” söyləyib.
Lakin elə həmin Peskov daha əvvəl, aprelin 24-də onu da demişdi ki, “insanlar Zelenskinin qanuniliyini şübhə altına alacağı halda”, Rusiya hərbi əməliyyatları bərpa edə bilər və ümumiyyətlə, Kreml “Ukrayna hökumətinə etibar etmir”. Hesabatda qeyd olunur ki, qanuni Ukrayna hakimiyyətinin “qeyri-legitimliyi” tezisi Vladimir Putin başda olmaqla Rusiya siyasi elitası tərəfindən xeyli vaxtdır istifadə olunur. Əslində, həm Putin özü, həm də digər yüksək səviyyəli Rusiya rəsmiləri hələ 2014-cü ildən bəri bütün Ukrayna hökumətlərinin qanuniliyini sual altına alan çıxışlar ediblər. Bu baxımdan açıq qeyd ediblər ki, Ukrayna hökuməti ilə əldə olunan istənilən razılaşmanın yerinə yetirilməsi mütləq xarakter daşımayacaq: “Putin və onu ətrafındakı şəxslər 2024-cü ildə Ukraynada genişmiqyaslı müharibə şəraitində seçkilərin keçirilmədiyini əsas gətirərək, Prezident Zelenskini daim “qanunsuz” adlandırıblar. Bu yaxınlarda Kreml funksionerləri Ukraynanın bütün səviyyələrində mülki hakimiyyət orqanları barədə “qeyri-qanuni olduqları” iddialarını irəli sürərək, regionlarda məmurların (qeyri-legitim) Prezident tərəfindən təyin olunduğunu əsas gətiriblər. Bununla yanaşı, müharibəni başlayanlar Ukrayna qanunvericiliyinin hərbi vəziyyət rejimi zamanı seçkilərin keçirilməsini qadağan etməsi barədə susurlar. Kreml qəsdən Rusiya – Ukrayna sülh danışıqlarında guya maraqlı olduğu görüntüsü ilə Zelenskinin qeyri-legitimliyi haqqında yalan məlumatı birləşdirərək, Rusiyanın Zelenski ilə imzalayacağı hər hansı gələcək sülh razılaşmasının qeyri-qanuni olduğunu iddia etmək və bu razılaşmadan imtina etmək üçün əsas yaradır. Bu da Rusiyanın özü seçdiyi vaxt işğalı bərpa etməsi üçün şərait yaradır. Odur ki, Ukrayna ilə Rusiya arasında bağlanılacaq istənilən uzunmüddətli sülh sazişində Rusiyanın Ukrayna hökumətinin və Ukrayna Konstitusiyasının legitimliyini tanıması açıq şəkildə əks olunmalıdır”. /azpolitika.info