
“ABŞ-də prezidentlər kral deyilər”
Miçiqan ştatının konqresmeni Şri Tanedar ABŞ Konqresinin Nümayəndələr Palatasına Prezident Donald Trampa qarşı impiçment maddələri təqdim edib.
Xarici KİV xəbər verir ki, Demokratlar partiyasının konqresmeni Trampa qarşı impiçmenti əsaslandıran maddələr irəli sürüb.
“Mən prezident Trampa qarşı impiçment maddələri təqdim etmişəm. Tramp Konstitusiyaya, Konqresə və məhkəmələrə məhəl qoymayarkən Amerika üçün mübarizə aparmır. O, bunları məhv edir və demokratiyamızı təhlükə altına qoyur”, – Tanedar sosial şəbəkədə yazıb.
Konqresmen Trampı müxtəlif ciddi qanun pozuntularında ittiham edərək ona qarşı 7 impiçment maddəsi irəli sürüb.

Tanedar Trampı Konqresin təsdiqi olmadan Hökumətin Səmərəliliyi Departamenti (DOGE) vasitəsilə bəzi dövlət qurumları üçün maliyyəni qanunsuz olaraq kəsməkdə ittiham edib.
Konqresmen həmçinin hesab edir ki, Trampın aqressiv tarif siyasəti impiçment üçün ikinci səbəbdir. Görünməmiş tariflər beynəlxalq iqtisadiyyata mənfi təsir göstərib.
Konqresmen Trampı jurnalistlərə qarşı təzyiqdə, söz azadlığına zəmanət verən ABŞ Konstitusiyasına Birinci Düzəlişini pozmaqda, rüşvətxorluqda və məhkəmə sisteminin işinə müdaxilədə, habelə vətəndaşların şəxsi məlumatlarının qanunsuz toplanmasında ittiham edib.
“7-ci maddə tiranlıqla hakimiyyətdən sui-istifadədir. Tramp qeyri-məhdud səlahiyyətləri əlində cəmləşdirməyə və prezidentliyin konstitusiya sərhədlərini məhv etməyə çalışır. Bu ölkədə prezidentlər kral deyillər. Bu, sadəcə olaraq, cinayət deyil, impiçmentə səbəb olan bir cinayətdir”, – deyə Tanedar bildirib. /azpolitika.info