
Nazirlər Kabineti dövlət hesabına çıxan vəkillərin ödənilən pulun yeni məbləğinin müəyyən edilməsi üçün qərar qəbul edib.
Bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov yazıb.
O, bildirib ki, bir saat üçün ödənilən məbləğ 6 manatdan 11 manatadək artırılıb.
“Dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən vəsaitin məbləğinin artırılması böyük məmnunluq doğurur. Bu qərar vəkillərin zəhmətinin qiymətləndirilməsi və onların sosial təminatının gücləndirilməsi baxımından mühüm addımdır. Bildirmək istərdik ki, artım hüquqi yardımın keyfiyyətinin daha da yüksəldilməsinə və əhaliyə göstərilən xidmətin səviyyəsinin artırılmasına töhfə verəcək. Həm də bu addım vəkillik institutunun inkişafına və cəmiyyətimizdə ədalətə çıxış imkanlarının genişlənməsinə xidmət edir.
Azərbaycan vəkilliyinin davamlı inkişafı üçün göstərilən diqqət və dəstəyə görə bütün qurumlara minnətdarıq. Bu mühüm qərar bizi daha böyük əzm və məsuliyyətlə fəaliyyətə sövq edir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində qəbul edilmiş qərar münasibəti ilə bütün həmkarlarımızı təbrik edir, işlərində uğurlar arzulayırıq!” – deyə Anar Bağırov bildirib.