
“Zelenski Krımdan imtina etməyə hazırdır”
ABŞ Prezidenti Donald Tramp növbəti dəfə Vladimir Putini “sülhə sadiqliyini” nümayiş etdirməyə və Ukraynada döyüşləri dayandırmağa çağırıb.
Xarici KİV xəbər verir ki, jurnalistlərin qarşısına çıxan Tramp Putinin “oturub müqaviləni imzalamalı olduğunu” deyib: “Mən onun (Putinin) atəşi dayandırmasını, oturub müqaviləni imzalamasını istəyirəm. Düşünürəm ki, razılaşma əldə etmək üçün şərtlərimiz var və mən onun bunu imzalamasını, bu işi başa vurmasını və sadəcə (normal) həyata qayıtmasını istəyirəm.”
Tramp həmçinin, Putinin Kiyevə raket zərbəsi endirməsindən məyus olduğunu bildirib və Rusiya liderinin müharibəni bitirməkdə ciddi olub-olmadığını dəqiq deyə bilməyəcəyini qeyd edib: “Gəlin yaxın bir neçə gündə nə baş verəcəyini görək. Yəqin ki, çox şey öyrənəcəyik. Raketlərin Rusiya tərəfdən gəlməsi məni çox məyus etdi”.
Vatikanda Volodimir Zelenski ilə 15 dəqiqəlik görüşünü şərh edən Tramp qeyd edib ki, Ukrayna lideri ölkəsi üçün mümkün olan hər şeyi etməyə çalışır: “Gözəl görüş idi. O, ölkəsi üçün yaxşı bir şey etmək istəyir. Çox çalışır. Görək bundan sonra nə olacaq. O, mənə dedi ki, ona daha çox silah lazımdır. O bunu lap əvvəldən deyir”.
ABŞ Prezidenti hesab edir ki, Zelenski “sakitləşib” və sülh razılaşmasının əldə olunmasında maraqlıdır. Tramp jurnalistlərə deyib ki, onların münasibətləri heç vaxt pis olmayıb və Ağ Evdəki mübahisə sadəcə “kiçik maneə” olub.
Eyni zamanda Tramp Zelenskinin Krımdan imtina etməyə hazır olduğunu iddia edib: “Düşünürəm ki, bu, doğrudur. 12 ildir heç kim bu məsələni qaldırmayıb, indi birdən bu haqda danışırlar. Ona görə də ona (Volodimir Zelenski) dedim, onlara deyirəm: “Bəlkə Obamaya müraciət edəsiniz? Ondan soruşun ki, niyə ondan (Krımdan) imtina etdi? Yeri gəlmişkən, bir güllə də atmadan ondan imtina etdilər”. /azpolitika.info