
“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi Xocalı rayonunda ilkin mərhələdə 13 hektar ərazidə Tut tinglərinin gətirilməsi, əkin sahəsinə köçürülməsi və aqrotexniki qulluq işləri xidmətlərin satın alınması üzrə bir mənbədən satınalama metodu tətbiq etməklə ″AQROTARIM″ Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 693.607,2 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Məlumat dövlət satınalmalarının portalına 19.04.2025-ci ildə yerləşdirilib.
Bu satınalmada ″AQROTARIM″ MMC-nin bir mənbədən satınalma metodu ilə qalib seçilməsi bizi daha ətraflı araşdırma aparmağa sövq etdi.
Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında ″AQROTARIM″ (VÖEN- 6200118521) Məhdud Məsuliyyətli Cəmiyyətinin 11 saylı Ərazi Vergilər İdarəsində 04.04.2011-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının AĞCABƏDİ RAYONU, TAXTA KÖRPÜ, qanuni təmsilçisinin isə Şükürov Firuz Famil oğlu oğlu olduğu göstərilir.
Göründüyü kimi MMC 2011-ci ildə dövlət qeydiyyatın alınıb və AKİA-nın məlumatlarında toxumçuluq təsərrüfatı kimi göstərilir. Maraqlıdır “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi ″AQROTARIM″ MMC ilə bir mənbədən satınalma metodu ilə müqavilə bağlayarkən təchizatçıdan satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması barədə müvafiq hesabatlar, təchizatçının satınalma predmeti üzrə müəyyən edilmiş ehtimal olunan qiymətin 30%-i həcmindən çox olmayaraq maddi vəsaitə çıxışının olması, satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olmasına dair son 3 il ərzində icra olunmuş və ya icrasının 80%-dən çoxu tamamlanmış oxşar xidmətlər üzrə 3 müqavilə tələb edibmi? Tələb edibsə, ″AQROTARIM″ MMC qurumun Satınalma Komissiyasına son 3 il ərzində icra olunmuş hansı analoji xidmətlər barədə sənədlər təqdim edib?
Bütün bu kimi suallara aydınlıq gətirilməsi məqsədi ilə əlaqə saxladığımız MMC-nin səlahiyətli nümayəndəsi Babaxan Qasımlı AKİA-da toxumçuluq təsərrüfatı kimi qeydiyyatda olmalarına baxmayaraq tingçiliklə də məşğul olduqlarını bildirdi. Artıq sözügedən ərazidə işlərə başladığlarını bildirən Babaxan Qasımlı əlavə etdi ki, bütün sənədlər qaydasında olmasaydı nəzarət orqanı buna icazə verməzdi. Müqavilə bağlanıbsa deməli hər şey qaydasındadı.
Amma biz nədənsə ″AQROTARIM″ MMC-nin son üç il ərzində icra etdiyi yüzminlərlə manat dəyəri olan analaoji işlərlə bağlı heç bir məlumat tapa bilmədik. İndi “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi açıqlasın. ″AQROTARIM″ MMC bu analaoji işləri nə vaxt və harada görüb?
Qeyd edək ki, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Telman Kərimlidir. O, daha əvvəllər “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” MMC-nin direktoru olub. Memarlıq üzrə fəlsəfə doktoru olan Telman Kərimli bu vəzifəyə ötən ilin avqust ayından təyin edilib.
Aktualinfo.org