
Erməni diasporu və erməni millətçilərin 1915-ci ildə soyqırımına, zülmə məruz qaldıqları ilə bağlı iddialar saxta və uydurmadır.
Bunu Ankara Universitetinin Hüquq fakültəsinin müəllimi, hüquq elmləri doktoru, professor Cavid Abdullazadə bildirib.
Onun sözlərinə görə, ermənilər belə iddialarla beynəlxalq ictimaiyyəti çaşdıraraq dəstək almağa çalışıblar. Lakin bütün bunların saxta olduğunu sübut edən faktları beynəlxalq aləmin diqqətinə çatdırmaq mümkündür:
“1915-ci ildə ermənilərin köçürülməsi zərurəti hüquqi baxımdan belə soyqırımı deyildi. “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya”nın 2-ci maddəsi soyqırımını milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək məqsədi ilə törədilmiş əməllər kimi müəyyən edir. Lakin 1915-ci il hadisələrinə nəzər saldıqda, bir etnik qrupu qismən və ya tamamilə yox edəcək hərəkətlər deyil, əksinə, I Dünya Müharibəsi illərində İngiltərə, eləcə də Rusiya tərəfindən təxribata məruz qalan ermənilərin “Böyük dövlət qurmaq” vədi və xülyası ilə müsəlman bölgəsində xüsusən türklərə və digər etniklərə qarşı törətdikləri vəhşiliklər görünür”.
Professor qeyd edib ki, Osmanlı dövləti ermənilərin yaşadıqları yeri xaosa sürüklədiklərinə və ya bölgədəki digər etnik qruplara zülm etdiklərinə görə onları o ərazilərdən köçürmək məcburiyyətində qaldı. Əgər bu, soyqırımı olsaydı, ermənilər beynəlxalq hüquq kontekstində, hüquqi yollarla bunu mütəmadi gündəmə gətirərdilər.
Hüquqşünas deyib ki, saxta soyqırımı iddiaçıları olaraq onlar özləri də bunun hüquqi baxımdan düzgün olmadığını bildikləri üçün köçürülmə hadisəsini siyasi metodlardan istifadə etməklə beynəlxalq ictimaiyyəti yanlış istiqamətə yönəltməyə çalışıblar:
“1914-15-ci illərdə Osmanlı torpaqlarının şərqində – Ərzurum, Qars, Ərdahan, Van və digər ərazilərdə ermənilər müsəlman türk əhalisinə qarşı ciddi vəhşiliklər ediblər. Daha sonra Cənubi Qafqazda – Azərbaycanın bir çox bölgələrində 1918-ci il mart hadisələri zamanı bolşeviklərlə birləşərək Azərbaycan türklərinə qarşı soyqırımı etmək məqsədilə ciddi vəhşiliklər, qətliamlar törədiblər. Təəssüf ki, bu, Türk dünyasında, o cümlədən Türkiyə və Azərbaycanda yaxşı araşdırılmamış bir mövzudur. Ona görə də bizim tarixçilərimiz, akademiklərimiz arxivlərə istinadla beynəlxalq ictimaiyyətdə bu birtərəfli baxışın dəyişdirilməsi zərurətini, bu iddiaların etibarsızlığını və həqiqi faktları ortaya çıxara bilərlər”.
C.Abdullazdə son zamanlar Ermənistan rəhbərliyinin “Böyük Ermənistan dövləti qurmaq xülyasındansa, mövcud dövləti yaşatmaq üçün Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması” barədə açıqlamalarına da toxunub:
“Baş nazir Nikol Paşinyan hətta açıq şəkildə bildirdi ki, 1950-ci illərdə Sovet Rusiyası ilə Türkiyə arasında münasibətlər gərginləşərkən soyqırımı iddiaları siyasi alət kimi istifadə edilmək üçün gündəmə gətirilib, sonra isə erməni millətçilər və diaspor beynəlxalq ictimaiyyəti bunun soyqırımı olduğuna inandırmağa çalışıblar. Paşinyan özü bu məsələnin tamamilə tarixin dərinliklərinə gömülməsini vurğulayıb”.