
Mərkəzi Bankın məlumatına görə, 2025-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 1 milyard 635 milyon manat təşkil edib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 31.3% və ya 390 milyon manat artım deməkdir. Cari ilin mart ayının 1-nə olan məlumata görə, ölkədə 2 milyon 264 min ədəd kredit kartı mövcuddur. Apardığımız təxmini hesablamalara əsasən, Azərbaycanda hər 10 nəfərdən 2-si kredit kartından istifadə edir. Ölkədə fəaliyyət göstərən demək olar ki, bütün banklar müştərilərinə müxtəlif şərtlərlə kredit kartları təqdim edirlər. Bu kartlar adətən “cashback” (keşbek), faizsiz güzəşt müddətləri, taksit imkanlarına malik olurlar. Bəs, bu kartların təqdim etdiyi imkanlar göründüyü qədər sərfəlidirmi?
Kredit kartlarının tarixi min illər əvvələ gedib çıxır. Qədim Mesopotamiyada gil lövhələrdə aparılan borc əməliyyatları bugünkü “indi al, sonra ödə” prinsipinin ilk nümunələri idi. Zamanla bu borc qeydləri Qərbi Amerikada ticarətçilərin təsərrüfat sahiblərinə verdikləri metal nişanlara çevrildi. 1930–1950-ci illərdə isə mağazalar müştərilərə itlərin boynuna taxılan nişanlar formasında olan “Charga-Plate” metal lövhələrini təqdim etməyə başladılar. 1950-ci ildə isə ilk plastikə yaxın formatda “Diners Club” kartı yarandı – bu, müasir ödəniş kartlarının başlanğıcı idi.
Ardınca 1958-ci ildə “American Express” ilk “charge” (ödəniş) kartını təqdim etdi, eyni ildə “Bank of America” isə ilkin limitli “BankAmericard”la kredit kartı anlayışını yaydı. Bu sistemlər tədricən təkmilləşərək dövri kredit kartı modelinə keçdi. 1976-cı ildə “BankAmericard” “Visa”ya çevrildi, 1966-cı ildə yaradılan rəqib “Interbank” kartı isə 1979-cu ildən “Mastercard” adını aldı. Beləliklə, gil lövhələrdən metal çiplərə qədər texnologiya dəyişsə də, kredit kartının əsas ideyası eyni qaldı: indi al, sonra ödə.
Azərbaycanda bu tarix daha gec başladı – ilk bank kartları 1990-cı illərin sonlarında yayılmağa başladı, ancaq hələ də əsas ödəniş vasitəsi nağd idi. 2000-ci illərdə “Visa”, “Mastercard”, “American Express” kartları dövriyyəyə daxil oldu, bankomatlar və POS terminalları genişləndi. Əməkhaqqı əsaslı və sabit gəlirə bağlı kredit kartları tədricən tətbiq edildi. 2010-cu ildən sonra isə onlayn bankçılıq, mobil tətbiqlər, virtual kartlar, təmassız ödənişlər və rəqəmsal banklar, eləcə də kart istifadəsinin yeni mərhələsinə start verildi.
Hazırda kredit kartları marketinq strategiyası olaraq istifadə edilir. Kartları əldə etmək hətta adi istehlak kreditindən daha asandır. Bu marketinq strategiyası cəmiyyəti o qədər ələ alıb ki, bir çox insanlar üçün kredit kartları əvəzolunmaz maliyyə alətinə çevrilib. Xüsusilə, maaş gününün gəlib çatmadığı zamanlarda kartlar ehtiyacların ödənməsinin ən rahat yoludur. İlk baxışdan sərfəli görünən “imkanlara” aldanan insanlar nəticədə aylıq gəlirlərindən qat-qat artıq borc yığaraq, bahalı “sərgüzəştin” qurbanına çevrilirlər. Çünki kredit kartlarının faiz dərəcələri çox yüksəkdir.
Mexanizm isə belə işləyir. Bank kartdan çıxılan vəsaitin geri ödəməsi ilə bağlı müştəriyə güzəşt müddəti tanıyır. Bu müddət kartın növündən və bankın şərtlərindən asılı olur. Bir sıra hallarda kredit kartlarından 50-60 gün ərzində faizsiz istifadəyə şərait yaradılır. Müştəri də düşünür ki, güzəşt müddəti nə qədər uzun olarsa, annuitet ödəməni bir o qədər rahat reallaşdırar. Lakin bu güzəştlərin də öz pərdəarxası tərəfləri var.
Hər bir bankın güzəşt müddətini hesablamaq üçün öz sxemi olur. Kredit təşkilatı həmin müddətin başlama tarixini müstəqil müəyyən edir. Bəzi bankların qeyri-sabit güzəşt dövrləri də var, burada müddətin başlanğıcı müəyyən bir tarixdən asılıdır. Bir qismində isə ilk alışdan sonra geri sayım başlayır.
Banklar “güzəşt” adlandırdıqları müddətdə kifayət qədər pul qazanırlar. Əvvəla kredit kartlarında faiz dərəcəsi istehlak kreditindən daha yüksəkdir. Faizlərin ödənilməsi borc vermənin məcburi elementidir. Bu faizlər bankdan və xidmət şərtlərindən asılı olaraq 20% və daha çox ola bilir.
Hazırda yerli banklardan birində kredit kartları üzrə illik faiz dərəcəsi 24% təşkil edir. Bu isə kart sahibinin hər ay ödədiyi məbləğin mühüm bir hissəsinin yalnız faizlərə getməsi deməkdir.
Maraqlıdır ki, eyni bank nağdlaşdırma əməliyyatlarına görə də əlavə komissiya tutur. Yəni, müştəri cəmi 10 manat nağdlaşdırma reallaşdırırsa, bu elə həmin anda ona 12 manata başa gəlir. Sonradan bu vəsait müəyyən edilən vaxtda yerinə qaytarılmırsa, bank məbləğə əlavə faizlər də hesablayır. Kardan karta köçürmələr zamanı da komissiya və faizlər tutulur. Bu məbləğlər hər bankın daxili qərarına uyğun təyin edilir.
Məsələ ilə bağlı danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov da təsdiqləyir ki, kredit kartları üzrə verilən kreditlər bahadır:
“Ümumiyyətlə, Azərbaycanda kredit bahadır. Bu kreditlərin faiz dərəcələri də çox yüksəkdir. Ölkədə insanlar üçün kredit götürmək çox baha başa gəlir. Onların gəlirləri ya bu kreditləri ödəməyə kifayət etmir, ya da ki, ancaq minimum yaşayış və borcların ödənməsinə xərclənir”.
Ekspert vurğuladı ki, Azərbaycanda kreditlərin baha olmasının səbəbi kredit riski səviyyəsinin yüksək olmasıdır:
“Kredit riski verilən borcun qaytarılmama ehtimalının yüksək olması və yaxud geri ödənməsində problemlərin yaranması ilə əlaqədardır. Bu borc verən bank üçün əlavə xərclər deməkdir. Buna görə də, banklar kredit faizlərini yüksək təyin edir. Buna baxmayaraq, ölkədə kreditləşmə artıb, çünki insanlar kredit götürməyə meyillidir”.
Yeri gəlmişkən, təkcə yüksək faiz dərəcələri yox, eyni zamanda gecikmə cərimləri də insanların “belini bükür”. Belə ki, kreditin ödənişinin gecikdirildiyi hər gün üçün borcun üzərinə müəyyən səviyyədə əlavə borc gəlir. Beləcə, insanlar borc götürdüyü məbləğdən dəfələrlə artıq ödəniş etməli olurlar.
Qeyd edək ki, Azərbaycanda dayanmadan artmağa davam edən problemli kreditlərin əsas hissəsini təminatsız kreditlər təşkil edir. Banklar təminatsız kredit verərkən müştəridən heç bir girov tələb etmir, lakin bu kreditlərin faizləri daha yüksək ola bilər. Tez və asan əldə etmək mümkün olduğundan müştərilərin bu cür kreditlərə tələbatı daha çoxdur. Ölkədə kredit kartları üzrə verilən kreditlər tam təminatsızdır. Cari ilin birinci rübündə “Bank of Baku”nun kredit portfelində təminatsız kreditlərin payı 675 milyon 7.84 min, “Bank Respublika”da 583 milyon 564 min, “Pasha Bank”da 375 milyon 676 min, “Yelo Bank”da 211 milyon 945.98 min, “Bank VTB”də isə 126 milyon 680 min manat olub./teleqraf.com