
Azərbaycanla Çin arasında əməkdaşlıq bütün Avrasiyanın iqtisadi inkişafının təkanverici qüvvəsinə çevriləcək.
Azərbaycanla Çinin strateji baxımdan yaxınlaşması artıq çoxdan formal diplomatiya çərçivəsindən çıxıb və bügün siyasi dialoqdan tutmuş nəqliyyat logistikasına kimi, mədəni mübadilədən tutmuş beynəlxalq təhlükəsizliyə kimi – faktiki olaraq bütün əsas sahələri ehtiva edir.
Liderlər səviyyəsində qarşılıqlı etibar, iqtisadi göstəricilərin sabit artımı, qlobal arenada qarşılıqlı dəstək və suverenlik prinsiplərinə ikitərəfli sadiqlik və hörmət bu tərəfdaşlığı Azərbaycanın xarici siyasətində ən dinamik inkişaf edən istiqamətlərdən birinə çevirir.
Son onillər ərzində Azərbaycan Çinlə addım-addım sıx əlaqələr qurmağa davam edib və bu əlaqələr ildən-ilə daha da möhkəmlənərək strateji tərəfdaşlıq mərhələsinə gəlib çatıb. Hərçənd bu əlaqələrdə təkcə dərinlik yox, eyni zamanda dinamika da böyük əhəmiyyət kəsb edir. 21-ci əsrdə – siyasi iradə, iqtisadi hesablaşma və insani münasibətlərdəki istiliyinin həmahəng olduğu dayanıqlı, çoxtərəfli dialoqa nadir hallarda rast gəlinir. Bakı və Pekin arasında bu məhz belədir.
Bu proseslərin əsas katalizatorları iki ölkə lideri arasında olan şəxsi təmaslar olub. Prezident İlham Əliyev və Sədr Si Cinpin son illər ərzində bir neçə görüş keçiriblər ki, onların hər biri təkcə əvvəlki uğurların nəticələrini qiymətləndirməklə kifayətlənməyib, həm də gələcək əməkdaşlıq üçün yeni hədəflər müəyyənləşdirib. 2024-cü ilin iyul ayında Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində imzalanan sənəd, əslində, münasibətlərin keyfiyyətcə yeni səviyyəyə — strateji tərəfdaşlıq səviyyəsinə keçdiyini rəsmiləşdirdi. Bu, sadəcə bir rəmzi jest deyil, əksinə, toplanmış etimadın, düşünülmüş birgə fəaliyyətin və iki dövlətin strateji maraqlarının uzlaşmasının göstəricisidir.
Tarixə nəzər salsaq, ikitərəfli əməkdaşlığa ilk təkanı 1994-cü ildə Heydər Əliyevin Çinə səfəri verib. O vaxt qoyulan özülün üzərində növbəti nəsil əməkdaşlığın tamdəyərli arxitekturasını qurub. Prezident İlham Əliyevin 2005, 2015 və 2019-cu illərdə adıçəkilən ölkəyə etdiyi səfərlər bu tendensiyanı daha da gücləndirmiş olub. Üstəlik onlardan hər biri – öncəkini genişliyi və dərinliyi ilə üstələyib və beləcə Azərbaycanın təkcə Çinlə tərəfdaşlıqda maraqlı olmadığını, həm də onunla uzunmüddətli perspektivdə işləməyə hazır olduğunu nümayiş etdirib.
Bu xəttin simvolik davamı isə Azərbaycan Prezidentinin növbəti dəfə Pekinə səfəri olacaq. Bu səfərin yalnız qarşılıqlı hörmətin təsdiqi ilə kifayətlənməyəcəyi, eyni zamanda ticarət, turizm, təhsil və təhlükəsizlik sahələrində yeni təşəbbüslər üçün platformaya çevriləcəyi gözlənilir. Azərbaycan tərəfi açıq şəkildə bildirir ki, əməkdaşlığın bütün sahələrində əlaqələrin möhkəmləndirilməsinə ümid bəsləyir və görünən odur ki, Çin tərəfi də bu cür dialoqa hazırdır.
Bakı ilə Pekin arasında iqtisadi əməkdaşlığın ölçüsü artıq bu gün belə təsir bağışlayan səviyyəyə çatıb. Cəmi bir il ərzində ikitərəfli ticarət dövriyyəsinin 20 faizdən çox artması, Çinin Azərbaycanın ən böyük idxal mənbəyinə və dördüncü ən əhəmiyyətli ticarət tərəfdaşına çevrilməsi təkcə statistika deyil — bu, iqtisadi maraqların yalnız kağız üzərində deyil, real logistikada, biznes layihələrində və birgə investisiyalarda kəsişdiyinin sübutudur.
Azərbaycan Çinin “Kəmər və yol” təşəbbüsünü ilk gündən dəstəkləyib – bunu isə deklarativ deyil, konkret addımlarla edib: Orta Dəhliz nəqliyyat marşrutunun inkişafı, infrastruktur layihələrinə sərmayələrin qoyulması, marşrutların razılaşdırılması. Azərbaycanın coğrafiyası bu prosesdə mühüm rol oynasa da, həlledici amil deyil – əsas məsələ bu coğrafi mövqedən effektiv və maksimum səmərə ilə istifadə etmək üçün siyasi iradənin olmasıdır. Nəticə etibarilə, loqistika sahəsində möhkəm əməkdaşlıq və Avrasiya nəqliyyat bağlantılarının inkişafı üçün birgə fəaliyyət formalaşıb.
Siyasi komponent də az əhəmiyyətli deyil. Azərbaycan daim Tayvanla bağlı məsələdə Pekinin “vahid Çin” prinsipini dəstəkləyib. Çin isə, öz növbəsində, Azərbaycanın ərazi bütövlüyünü ardıcıl şəkildə müdafiə edir ki, bu da xüsusilə Cənubi Qafqazda münaqişədən sonrakı reallıqlar fonunda böyük önəm kəsb edir. Bu qarşılıqlı dəstək münasibətləri sadəcə əməkdaşlıqdan daha irəli aparır — bu artıq formal ittifaqlar çərçivəsində olmasa da, tammiqyaslı siyasi ittifaqdır.
Turizm və humanitar sahələr də diqqətdən kənarda qalmır. Çin vətəndaşları üçün vizasız rejim, Azərbaycanın Çindəki Turizm Bürosunun daimi nümayəndəliyinin açılması, 2026-cı ilin Çində “Azərbaycan Turizmi İli” elan olunması planları — bütün bunlar insanlararası əlaqələrin möhkəmləndirilməsində hər iki tərəfin maraqlı olduğunu göstərir. Çünki əsl diplomatiya yalnız kabinetlərdə deyil, mədəniyyətlər arasında, insanlar arasında qurulur.
Mədəniyyət və təhsil – iki ölkə arasında olan möhkəm körpülərdən biridir. Heydər Əliyev Fondunun səyləri nəticəsində iki ölkə arasında olan humanitar əməkdaşlıq təkcə olduğu səviyyədə qorunub-saxlanılmır, həm də – sərgilərdən tutmuş təhsil və səhiyyə sahəsində birgə təşəbbüslərə kimi – getdikcə daha da genişləndirilir. Və nəhayət, beynəlxalq arena. Bakı Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır və artıq ŞƏT çərçivəsində öz statusunu qaldırmaq niyyətini bəyan edib. Çinin bu məsələdə Azərbaycana göstərdiyi dəstək misilsizdir və Azərbaycan bunu həqiqətən çox yüksək dəyərləndirir. Bundan savayı, hər iki ölkə o faktla razılaşır ki, qlobal təhlükəsizlik və sabitlik – sadəcə bir mücərrəd anlayış deyil, o konkret bir gündəmdir, elə bir gündəm ki, inkişaf etməkdə olan ölkələr belə öz sözünü deyə bilsin, öz məsuliyyət payı olsun.
Beləliklə, Azərbaycanla Çin arasındakı ikitərəfli münasibətlər nə dəb, nə birdəfəlik sövdələşmə, nə də diplomatik rəsmiyyətdir. Bu – onilliklərə hesablanmış dəqiq, planlı və strateji fəaliyyətin nəticəsidir. Bu tərəfdaşlığın təməlində hörmət, qarşılıqlı maraq və gələcəklə bağlı ortaq baxış dayanır. Hər yeni mərhələdə bu münasibətlər təkcə möhkəmlənmir, həm də fərqli tarixə və coğrafiyaya sahib iki ölkənin ortaq gələcək qurmasının bariz nümunəsinə çevrilir./trend.az