
Heykəltəraş Zurab Sereteli 92 yaşında vəfat edib.
Rusiya KİV-nin məlumatına görə, bu barədə rəssamın köməkçisi Sergey Şaqulaşvili məlumat verib.
O bildirib ki, monumental rəssam, heykəltəraş, Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli bu gün gecə saat birin yarısında vəfat edib.
Vida mərasimi və dəfnlə bağlı qərar daha sonra qəbul ediləcək.
Qeyd edək ki, Sereteli – sovet, gürcü və rus monumental rəssamı, heykəltəraşı, rəssamı, pedaqoqu idi. 1997-ci ildən Rusiya Rəssamlıq Akademiyasının prezidenti olub. SSRİ-nin xalq rəssamı, Rusiya Federasiyasının xalq rəssamı, “Vətən qarşısında xidmətlərə görə” ordeninin tam kavaleri idi.
1934-cü ildə Tbilisidə anadan olan Z.Sereteli Moskva Müasir İncəsənət Muzeyinin (1995), Rusiya Rəssamlıq Akademiyasının Zurab Sereteli İncəsənət Qalereyasının (2000) və Tbilisidə Müasir İncəsənət Muzeyinin (Gürcüstan, 2012) təsisçisidir.
5000-dən çox rəsm, qrafika, heykəl, monumental-dekorativ incəsənət (freskalar, mozaikalar, pannolar) əsərlərinin müəllifidir. Heykəltəraş kimi çoxsaylı abidələr yaradıb, onların arasında Moskvada “Əbədi dostluq”, Nyu-Yorkda BMT binası qarşısında “Yaxşılıq pisliyi məğlub edir”, Sevilyada “Yeni insanın doğuluşu”, Londonda “Etimadsızlıq divarını dağıtmaq”, Ruzada Zoya Kosmodemyanskaya abidəsi və başqaları var.