
Kreml rəhbərliyi hesab edir ki, əgər Rəcəb Tayyib Ərdoğan qarşıdakı prezident seçkilərində namizəd olmayacaqsa, hazırkı xarici işlər naziri Hakan Fidanın bu vəzifəyə gəlməsi Ankara-Moskva münasibətləri və Rusiyanın maraqları baxımından uyğun olardı. Fidan Türkiyənin qlobal yönümlü, təhlükəsizlik və diplomatiya sahələrində markalaşmış aparıcı fiqurlarındandır. Balkanlardan Mərkəzi Asiyadakı türk respublikalarına qədər uzanan geniş bir coğrafiyada istər TİKA rəhbəri, istərsə də MİT rəhbəri olaraq iz qoyub. İndi isə xarici işlər naziridir. Həm Şərqə, həm Qərbə dəfələrlə səfərlər edib. Qarşı tərəfdəki qurumlar onun şəxsiyyəti, xarakteri, missiyası və baxışları haqqında təsəvvür sahibidirlər.
Bu fikirləri siyasi yazar Ömür Çelikdönməz qeyd edib.
“Kreml rəhbərliyi düşünür ki, əgər Ərdoğan qarşıdakı seçkilərdə prezident olmayacaqsa, Hakan Fidanın bu posta gətirilməsi Ankara-Moskva əlaqələri və Rusiyanın maraqları üçün uyğundur. Hətta bu istiqamətdə işlərə artıq start verilib. Bu çərçivədə sizə olduqca maraqlı və strateji bir məsələdən bəhs etmək istəyirəm – Rusiyada iki erməni tədqiqatçı tərəfindən hazırlanmış və Rusiya kəşfiyyatının dəstəyi ilə nəşr olunmuş bir kitabdan. Kitabın müəllifləri və nəşr edənlər haqqında qısa bioqrafik məlumat vermək onun məqsədini və hansı qurumlar tərəfindən yayımlandığını anlamağa kömək edə bilər.
Erməni müəlliflər Gevorq Minasyan və Angela Simonyan “Türkiyənin ehtimal olunan gələcək prezidenti” haqqında kitab yazıblar. Rusiyada fəaliyyət göstərən “Dialoq” adlı ictimai təşkilat “Hakan Fidan – Türkiyənin mümkün gələcək prezidentinin portretindən xətlər” adlı kitabın Moskvada nəşr olunduğunu açıqlayıb. Aprelin 21-də isə Moskvada təqdimatı olacaq. Müəliflər “gələcək vəd edən türk siyasətçi Hakan Fidanın şəxsiyyət kodunu açmağa çalışıblar.
Kitabın həmmüəllifi Gevorq Minasyan Ermənistan Milli Təhlükəsizlik Xidmətindən təqaüdə çıxmış polkovnikdir. 1996–2022-ci illərdə Müdafiə Nazirliyində müxtəlif əməliyyat və inzibati vəzifələrdə çalışıb. MDB-nin Terrorla Mübarizə Mərkəzində Ermənistanın səlahiyyətli nümayəndəsi olub. Minasyan Ermənistanın dövlət və nazirlik mükafatları ilə yanaşı, MDB Terrorla Mübarizə Mərkəzi və Rusiya FTX-si tərəfindən də təltif edilib. O, türk dili də daxil olmaqla, bir neçə xarici dili bilir. Müəllif kitabını xidmətdə olduğu dövrdə türk kəşfiyyatına qarşı mübarizə aparan polkovnik Karen Parunakyanın xatirəsinə ithaf edib. Parunakyanın isə türk agenti Murad Bojolyanı ifşa edən şəxs olduğu düşünülür.
Kitabın digər müəlliflərindən biri Angela Simonyandır. O, İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin məzunudur, Türkiyənin hərbi-sənaye sahəsində araşdırmalar aparır.
“Dialoq” kitab seriyasının yaradıcısı və nəşriyyatçısı Yuri Navoyan tanınmış politoloqdur. O, Rusiya XİN-in “Tərəfdaşlıq” medalı ilə təltif olunmuş ilk Ermənistan vətəndaşıdır. Navoyan İrəvan Dövlət Universitetində, Rusiya Diplomatik Akademiyasında və Harvardda təhsil alıb. Moskvada Rusiya-Erməni Əməkdaşlıq Təşkilatının rəhbəri kimi diaspor və siyasi əlaqələrin inkişafına töhfə verib”, – məqalədə bildirilib.
Yazarın qeydinə görə, müəlliflər Hakan Fidanın kəşfiyyat və diplomatik bacarığı ilə yanaşı, analitik qabiliyyətinə də diqqət çəkiblər:
“Müəllif heyətinə görə, Hakan Fidan istehbaratın və diplomatiyanın mahiyyətini yaxşı bilir. Xarici İşlər Nazirliyində işləməyə başlayaraq, bu qurumu istehbaratın struktur bölmələrindən birinə çevirməyə başlayıb. Bu proses hələ də davam edir. Fidan artıq ictimaiyyət qarşısına çıxır, çıxışlar edir və natiqlik qabiliyyəti, auditoriya ilə işləmək bacarığı var.
O, həmçinin istehbaratın ağırlığını da daşıyır – görüşə getməzdən əvvəl qarşı tərəfin psixoloji profilini öyrənir. Bu, istehbaratla diplomatiyanın sintezidir və özü bunu “kəşfiyyat diplomatiyası” adlandırır.
Türkiyə cəmiyyətindəki mövcud parçalanmanı nəzərə aldıqda, Fidanın kürd mənşəyi, sistemli yanaşması, Qərblə əlaqələri və Ərdoğana sədaqəti onu ölkənin gələcək liderlərindən biri kimi ön plana çıxarır. Ərdoğanın varisləri arasında birinci və ya ikinci yerdə ola bilər. Sistemli, təmkinli, təcrübəli və beynəlxalq əlaqələri var. Həm müxalifət, həm də elit təbəqənin bir hissəsi belə bir fiqurla razılaşa bilər. Ərdoğan kimi “küçədən gələn siyasətçisi” deyil – o, analitikdir, idarəçidir. Üstəlik, etnik mənsubiyyəti kürddür ki, bu da kürd seçicilərin səsini cəlb edə bilər. O, ənənələrin davamı kimi təqdim olunur: guya ulu babası Sultan dönəmində kəşfiyyat rəhbəri olub və imperiyaya xidmət edib. Bu isə həm islamçılar, həm də millətçilər üçün birləşdirici obraz yaradır”.
Çelikdönmez ”Dialoq”təşkilatının fəaliyyəti ilə bağlı məlumatı da bölüşüb:
“Dialoq” 3 aprel 2017-ci ildə Moskvada qurulub. Onun yaradılmasında məqsəd Ermənistan-Rusiya əməkdaşlığının maraqlarını qorumaq, Ermənistan-Rusiya dialoqunu saxlamaq, gücləndirmək və genişləndirməkdir. Bu birlikdə əsasən erməni siyasi şərhçilər, hüquqşünaslar, jurnalistlər və yeni nəsil iş adamları, eyni zamanda Ermənistanın dostları yer alır”.
Müəllifə görə, Kremlin “yumşaq güc” alətlərindən biri olan “Dialoq” tərəfindən bu kitabın hazırlanması birbaşa siyasi mesaj daşıyır:
“Aydın görünür ki, Rusiya Türkiyə ilə münasibətlərində Ərdoğandan sonrakı dövrə hazırlaşır. Hakan Fidanın xarici siyasət xətti, Rusiyaya yanaşması və s. bu baxımdan əhəmiyyətlidir. Elə bil bu kitab vasitəsilə Hakan Fidana bir “dost əli” uzadılır. Ekspertlərə görə, bu cür portret kitabları ictimai rəyi yoxlamaq və yönləndirmək üçün istifadə olunur. Kitab həm Türkiyəyə “Sizi yaxından izləyirik, hər şeyinizi bilirik” mesajı verir, həm də Qərbə “Biz Hakan Fidanı potensial lider olaraq görürük və münasibətlərimizi buna görə quracağıq” siqnalını ötürə bilər. Fidan Kremllə güclü əlaqələri olan və praqmatik lider kimi xarakterizə olunur. Bu səbəbdən, Ərdoğandan sonrakı dövrdə Rusiya ilə yaxın əməkdaşlığı davam etdirə biləcək bir profil kimi önə çıxarılması strateji yanaşmadır”./axar.az