
Azərbaycanla Çinin bir-birinə uğurlu tərəfdaş kimi yanaşması iki ölkənin maraqlarını geoiqtisadi müstəvidə uyğunlaşdırır. Çin və Azərbaycanın “Bir kəmər, bir yol”, Orta Dəhliz layihələrindəki maraqları strateji tərəfdaşlığı iqtisadi-ticari imkanlar və qarşılıqlı investisiyalar üzərində cəmləyir.
Azərbaycan dünyanın əsas güclərindən birinə çevrilən Çinlə geniş sahələri əks etdirən xarici siyasət doktrinasına üstünlük verir. 2024-cü il iyulun 3-də Azərbaycanla Çin arasında Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində imzalanan “Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” genişlənən əməkdaşlıqda xüsusi diqqət çəkdi. Həmin Bəyannamə Azərbaycan Prezidenti İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpinin görüşünün nəticəsində qəbul olunub.
Azərbaycan Prezidenti İlham Əliyev bundan sonra, yanvarın 20-də Davos İqtisadi Forumunda Çinin CGTN (China Global Television Network) televiziyasına bu əməkdaşlığa ikitərəfli münasibətlər, regional və qlobal aspektlər prizmasından mövqeyini sərgiləyib.
2025-ci il martın 21-də Novruz bayramı münasibətilə Azərbaycan liderinə təbrik məktubu ünvanlayan Si Cinpin strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyini qeyd edib.
Bu yaxınlarda isə Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri gözlənilir. Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasında bildirilib ki, səfər çərçivəsində qarşılıqlı vizasız gediş-gəliş haqqında Sazişin imzalanması planlaşdırılır.
Bu xəbərdən sonra Prezident İlham Əliyev aprelin 17-də Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lu Meyin etimadnaməsini qəbul edib.
İlham Əliyev Azərbaycan-Çin əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığını deyib, əməkdaşlığın geniş sahələri – siyasi, iqtisadi-ticari, nəqliyyat, enerji, sənaye, sərmayələr, təhlükəsizlik, mədəni-humanitar və digər istiqamətləri əhatə etdiyini vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycanın “Vahid Çin” siyasətini daim dəstəklədiyini bildirib. Lu Mey Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurla inkişafının Çin tərəfindən də dəstəkləndiyini deyib.
“Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.
Əməkdaşlıqdan müdafiəyə
Azərbaycanla Çinin bir-birinə uğurlu tərəfdaş kimi yanaşması iki ölkənin maraqlarını geoiqtisadi müstəvidə uyğunlaşdırır. Çin və Azərbaycanın “Bir kəmər, bir yol”, Orta Dəhliz layihələrindəki maraqları strateji tərəfdaşlığı iqtisadi-ticari imkanlar və qarşılıqlı investisiyalar üzərində cəmləyir.
Çin, Mərkəzi Asiya və Azərbaycan indi Orta Dəhlizin “Bir kəmər, bir yol” layihəsində rolunu artırmaq üçün daha yaxından işləyirlər ki, burada da məqsəd daha səmərəli ticarət marşrutlarını inkişaf etdirməkdir. Bu, Çinin Azərbaycanın strateji layihəsi olan Zəngəzur dəhlizinə böyük rakursdan baxmasına təkan verir.
Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda deyib: “Biz dəmir yollarımızı müasirləşdirdik, hətta Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstandan keçən hissəsinə əlavə investisiya yatırdıq. Hazırda onun yükötürmə qabiliyyəti 5 milyon tondur. Zənnimizcə, Çindən gələn yüklərin bir hissəsi Zəngəzurdan, Zəngilan istiqamətindən keçə bilər”.
Bu bəyanat Azərbaycanla Çinin strateji tərəfdaşlığında nəqliyyat dəhlizlərinin təhlükəsizliyinə və fasiləsiz fəaliyyətinə diqqət yetirilməsi fonunda şərh oluna bilər. Nəticə olaraq isə Çinin Zəngəzur dəhlizinə yanaşmaları onun rəqibləri ilə mübarizə kontekstində diqqət çəkir.
İqtisadi-ticari imkanlar, dəhlizlər üzərindən qurulmuş əlaqələr sistemi iki ölkənin müdafiə sahəsindəki əməkdaşlığını da şərtləndirir. İlham Əliyev Forumda Azərbaycanla Çinin müdafiə sahəsində əməkdaşlıqla bağlı dialoqa başladığını xatırladıb.
Azərbaycanla Çin arasındakı hərbi əməkdaşlıq hərbi təhsil, texnologiya mübadiləsi və birgə istehsal sahələrində konkret addımlarla müşayiət olunacaq. Bu əməkdaşlıq hər iki ölkənin geosiyasi potensialını gücləndirərək, regional təhlükəsizliyin təmin olunmasına töhfə verəcək.
Əliyevin Çinə səfərinin arxa fonu
Çinin geosiyasi məcəlləsi Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki konfliktlərin nəticəsində növbəti dünya nizamını ərsəyə gətirməyi hədəfləyir. Azərbaycanın Çinlə əlaqəli siyasəti onun Çin geosiyasətinin beynəlxalq aləmdəki üstünlüklərinə istinad etməyi prioritetləşdirir. İlham Əliyevin Çinə səfərinin praktikası və məntiqi yalnız bir regionda (Cənubi Qafqaz) müştərək maraq yaratmaq səyləri ilə məhdudlaşmır. Bu səfər beynəlxalq münasibətlər sistemindəki nizamın yenisi ilə əvəzlənməsinə təkan verən proseslərə strateji baxışı aktuallaşdırır.
Yəni İlham Əliyevin Çinə səfəri böyük geosiyasi koda malikdir və Azərbaycanın maraqlarının yeni dünya nizamı konsepsiyalarına uyğunlaşdırılmasını vurğulayır.
Çinin xarici siyasəti onun qlobal əlaqə siyasətinə əsaslanır. Çinin siyasətində 2015-ci ildən bu yana “qonşuluq” kimi terminlər az, “qlobal” və ya “əlaqə” kimi digər coğrafi kateqoriyalar isə daha çox əhəmiyyət kəsb edir. Bu, həmçinin təşəbbüsün coğrafi və sektorlararası əhatə dairəsinin daha güclü şəkildə vurğulandığı “Bir kəmər, bir yol” təşəbbüsü üzrə fəaliyyət planının dərcində də öz əksini tapıb.
İlham Əliyevin yeni səfirlə müzakirə zamanı “Vahid Çin” siyasətinə dəstəyini ifadə etməsi Pekinin Tayvan üzərindəki suverenliyini təmin etməyə üstünlük verdiyini göstərir.