
Avropa Birliyi ABŞ-ın bölgədən çəkilməsi və Ukrayna böhranının dərinləşməsi fonunda yeni tərəfdaşlara və enerji mənbələrinə ciddi şəkildə ehtiyac duyur. Bu baxımdan Mərkəzi Asiya türk dövlətlərinin yeraltı sərvətlərinin Avropaya təhlükəsiz şəkildə nəqli Avropa sənayesinin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. Lakin AB-də qərarların yekdilliklə qəbul olunması səbəbindən Yunanıstan və Cənubi Kipr kimi üzv ölkələr bu prosesə psixoloji təzyiq göstərirlər.
Bu fikirləri açıqlamasında türkiyəli siyasi şərhçi Həsən Oqtay Orta Asiyanın türkdilli ölkələrinin Kipr Respublikası (Yunan Kipri) ilə diplomatik münasibət qurmasının səbəbləri və bu addımın Turan birliyi ideyası ilə necə uzlaşdığına dair danışarkən səsləndirib.
Oqtayın sözlərinə görə, Avropa Birliyinin bölgəyə 12 milyard dollarlıq sərmayə yatıracağına dair bəyanatı faktiki olaraq bu ölkələrin Cənubi Kiprlə diplomatik münasibətlər qurmasına zəmin yaradıb:
“Türkiyə bu prosesi yaxından izləyir. Hər hansı bir açıqlama verməməsinin əsas səbəbi hər bir müstəqil dövlətin xarici siyasətini öz maraqları və prioritetləri əsasında formalaşdırması prinsipidir. Buna görə də bu ölkələrin yunan Kipri ilə bağlı verdikləri qərara beynəlxalq münasibətlər baxımından nəzakətlə yanaşmaq lazımdır.
Bununla yanaşı, həmin ölkələrin Türk Dövlətləri Təşkilatında yer alması və TDT-də Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi statusunda iştirakı göstərir ki, bu qərarı verən dövlətlər Kipr məsələsində ya yetərincə məlumatlandırılmayıb, ya da Türkiyənin həssasiyyətləri onlara tam şəkildə çatdırılmayıb”.
Ekspertin fikrincə, Türkiyədə həm daxili, həm də xarici siyasətdəki gərginlik fonunda bu dövlətlərin Cənubi Kipri tanıması ölkə daxilində narazılıq yaradıb:
“Hazırkı şəraitdə bəzi dairələr bu vəziyyətdən istifadə edərək məsələni süni şəkildə şişirdir. Hökumətin ən böyük səhvlərindən biri isə xarici siyasəti daxili siyasi böhranları yumşaltmaq məqsədilə istifadə etməyə çalışmasıdır. Digər tərəfdən, təşkilatın rəhbərliyinə gətirilmiş Binəli Yıldırımın (Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri – red.) yaşı və mövzuya tam hakim olmaması, prosesi izləməkdə çətinlik çəkməsi bir sıra mənfi nəticələr doğurur. Bu da göstərir ki, Türkiyədə xarici siyasəti uğurla aparmaq və diplomatik prosesləri idarə etmək həm çətindir, həm də yüksək maliyyə tələb edir. Bu sahədə psixoloji təzyiqə davam gətirə biləcək hazırlıqlı siyasətçilərin olması vacibdir”.
Oqtay əlavə edib ki, Türkiyənin bu prosesdə zəif informasiya siyasəti və əsas fiqurların passivliyi də diqqət çəkir:
“Xarici İşlər Nazirliyinə təyin olunan keçmiş kəşfiyyat rəhbəri Hakan Fidan əvvəlki strukturun prioritetlərini yeni quruma tətbiq etməyə çalışır. İsrail–Qəzza məsələsini qeyri-mütənasib şəkildə gündəmdə saxlamaqla və sadəcə ritorik çıxışlarla kifayətlənməsi, konkret addımlar atmaması, həmçinin onun barəsində yayılan “Ərdoğandan sonra prezident olacaq” tipli xəbərlər onu təsirsiz fiqura çevirib”.
Ekspert hesab edir ki, Türkiyə Avropa Birliyi ilə münasibətlərdə daha sərt və strateji xətt yürütməlidir:
“Məsələn, Cənubi Kiprin statusunu dəyişdirmək və ya Egey adalarının geri qaytarılması məsələlərini gündəmə gətirmək mümkündür. ABŞ bölgədən çəkildikdən sonra Cənubi Kipr və Yunanıstan Avropa Birliyinin təhlükəsizlik baxımından ilk gözardı ediləcək üzvləri olacaq – bu, açıq şəkildə ifadə olunmalıdır.
Kim Cənubi Kipri tanısa, bölgədə bu dövlətin yaşamaq şansı yoxdur. Avropa Birliyi Türküstan coğrafiyasına təsir göstərməyə çalışarkən, Rusiyanın Ukrayna vasitəsilə Avropanı təhdid etməsi ehtimalı nəzərə alındıqda, AB-nin Türkiyə və Polşanın hərbi gücünə ehtiyacı aydın görünür.
Ukrayna məsələsində Avropa Birliyi ilə Rusiya arasında vasitəçi rolunu öz üzərinə götürən Türkiyə gələcəkdə Krım məsələsində də söz sahibi olmalı və beynəlxalq hüquqi alətlərdən istifadə etməlidir”.
Sonda Həsən Oqtay qeyd edib ki, AB-nin geosiyasi vəziyyətdən istifadə edərək başlatdığı proses türk birliyinə zərər verməyəcək:
“Türküstan dövlətlərinin öz regional maraqlarından çıxış edərək AB ilə başlatdığı əməkdaşlıqda Cənubi Kiprin tanınması nə türk birliyinin dağılmasına, nə də Turan ideyasından imtina edilməsinə səbəb olacaq. Türk Dövlətləri Təşkilatı da dağılmayacaq, əksinə, daha mühüm birlik halını alacaq, çünki buna hamının ehtiyacı var
Cənubi Kiprin bölgədə sıxışdırılaraq şimala – dolayısı ilə Türkiyəyə ilhaq edilməsinin yolu açılmalıdır. Problem yarandıqda dərhal psixoloji dağılma yaşamaq və bir-birimizə qarşı çevrilmək əvəzinə, onu öz xeyrimizə yönəldə biləcək addımlar atmalıyıq”./axar.az