
ABŞ-nin nüfuzlu “Time” jurnalı 2025-ci ilin dünyanın ən nüfuzlu 100 şəxsi siyahısını açıqlayıb. Siyahıya ABŞ Prezidenti Donald Tramp, Böyük Britaniyanın yeni Baş naziri Kir Starmer və Almaniyada kanslerliyə əsas namizəd Fridrix Merts daxil edilib.
Jurnalın “Liderlər” kateqoriyasında adıçəkilən şəxslərlə yanaşı, ABŞ-ın vitse-prezidenti Cey Di Vens, Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa, Trampın müşaviri və ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask, ABŞ-ın ticarət naziri Hovard Latnik, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Gebreyesus, ABŞ-ın səhiyyə və sosial xidmətlər naziri kiçik Robert Kennedi, eləcə də Meksika Prezidenti Klaudiya Şeynbaum və Argentina Prezidenti Xavyer Miley də yer alıblar.
“Titanlar” bölməsində isə məşhur amerikalı podkast aparıcısı və komediya ustası Co Roqan, “Meta” şirkətinin rəhbəri Mark Zukerberq və bir sıra digər tanınmış simalar yer alıblar.
Sənətçilər kateqoriyasında isə müğənni Ed Şiran, aktrisalar Skarlett Yohansson və Kristen Bell, eləcə də aktyor və prodüser Adam Skottun adları çəkilib.
“Time” jurnalı xüsusi olaraq vurğulayıb ki, Barak Obamanın prezidentliyi dövründən bəri ilk dəfədir ki, ABŞ administrasiyasının altı yüksək vəzifəli nümayəndəsi siyahıya daxil edilib. Jurnal bunu ABŞ-nin beynəlxalq siyasi arenada ciddi təsirə malik olması ilə izah edib və qeyd edib ki, hazırkı administrasiya “qlobal sarsıntıların əsas mənbəyinə çevrilib”.
Siyahıya daxil edilmiş ən gənc şəxs 22 yaşlı fransalı üzgüçü Leon Marşan, ən yaşlısı isə 84 yaşlı Banqladeşin müvəqqəti hökumətinin başçısı, Nobel mükafatı laureatı Məhəmməd Yunus olub.