
Qanunvericilik bazaları və zəngin ənənələrə söykənərək mədəni irsin qorunmasına islami yanaşmanın inkişaf etdirilməsi vacibdir.
Bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova aprelin 17-də Şuşada keçirilən “Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi” mövzusunda I İslam Dünyası Mədəniyyət Forumunda deyib.
Nazir müavini bildirib ki, 1954-cü il Haaqa Konvensiyası kimi konvensiyaların icrası gücləndirilməlidir:
“Bundan əlavə, mədəni irsin qorunmasına yerli icmaların fəal iştirakı olmadan nail olmaq mümkün deyil. Onların bilikləri, adət-ənənələri və təcrübələri effektiv qorunma və canlandırma üçün vacibdir”.
S.Yusifova həmçinin Qarabağda aparılan bərpa-quruculuq işlərindən də danışıb:
“Son beş il ərzində Azərbaycan münaqişədən sonrakı dövrdə əhəmiyyətli səylər göstərib. Biz işğaldan azad edilmiş ərazilərdə mədəni irsinin bərpası və qorunub saxlanmasına sadiqik. Bu ərazilərdə dəymiş ziyanın sənədləşdirilməsi, tarixi abidələrin bərpası, mədəni həyatın canlandırılması üzərində işləyirik”.
Nazir müavini, bu kontekstdə, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) İslam dünyasının mədəni irsinin qorunması və təbliğində yorulmaz fəaliyyətini yüksək qiymərləndirib:
“Bu mühüm işdə əməkdaşlığımızı və birgə səylərimizi davam etdirməyə sadiqik. Ümidvaram ki, bu forum münaqişədən sonrakı regionlarda mədəni irsin qorunmasını və canlandırılmasını təmin edəcək və İslam mədəniyyətinin gələcək əsrlər boyu çiçəklənə biləcəyi bir dünya qurmaq üçün konkret fəaliyyətlərə və davamlı tərəfdaşlıqlara yol açacaq”.