
“Bakı Fond Birjası” QSC (BFB) region ölkələrinin birjaları ilə daha sıx inteqrasiya etməyi planlaşdırır.
Bunu BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov bildirib.
Onun sözlərinə görə, məqsəd yerli broker və investisiya şirkətlərinin xarici bazarlara çıxışını asanlaşdırmaq, eyni zamanda xarici iştirakçıların da Azərbaycan bazarına inteqrasiyasını təmin etməkdir.
“Məsələn, Abu Dabidə fəaliyyət göstərən hər hansı bir broker və yaxud investisiya təşkilatı BFB-nin məsafədən üzvü olaraq, bizim bazarda öz məhsullarını təqdim edə bilər. Eyni zamanda Azərbaycandakı hər hansı broker şirkəti də Abu Dabi, Oman və yaxud Qazaxıstan birjalarına qoşula bilər”, – deyə R. Xəlilov qeyd edib.
O əlavə edib ki, bu addımlar bazarın həm tələb, həm də təklif baxımından genişlənməsinə səbəb olacaq: “Lakin bu istiqamətdə bəzi hüquqi çətinliklər mövcuddur və normativ bazada müvafiq dəyişikliklər gözlənilir. Bu, birgünlük proses deyil, mərhələli həyata keçirilən transformasiyadır. Son 3-4 ayda texniki diaqnostika aparılıb, ticarət sistemlərinin və infrastrukturun gücləndirilməsi istiqamətində işlər görülüb”.
BFB sədri həmçinin bazar iştirakçılarının aktivliyinin artırılması üçün yeni görüşlər keçirildiyini, texniki həllərin sadə və çevik istifadəyə imkan yaradacaq şəkildə qurulduğunu vurğulayıb: “İstənilən şəxs çalışdığı bank və yaxud investor proqramı vasitəsilə bazara daxil olub, istədiyi qiymətli kağızı asanlıqla alıb-sata bilməlidir. Bu istiqamətdə inteqrasiyanı artırmağa çalışırıq”.
Onun sözlərinə görə, birjada struktur islahatları da aparılıb, komitələrin tərkibi və funksiyaları yenidən nəzərdən keçirilib, listinq və ticarət qaydalarında dəyişikliklər edilib: “Artıq qeyri-listinq seqmentində olan kağızlar kütləvi ticarətə çıxarıla bilmir. Bu, kapital bazarının şəffaflığı, investorların müdafiəsi baxımından vacib addımdır. Yalnız listinq tələblərinə cavab verən şirkətlərin kağızları platformada ticarətə çıxarılmalıdır. Bu, həm də xarici investorlar üçün cəlbedici və etibarlı mühitin formalaşmasına xidmət edir”.