
Natiq Muxtarlı: “Nazir olduğu müddətdə Azərbaycanın bircə bölgəsinə də səfər etməyib, real durumla maraqlanmayıb, amma əvəzində bütün dünyanı gəzib”
Qazaxıstan prezidenti “Qazaxıstan Respublikasının bədən tərbiyəsi və idman haqqında bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi, habelə həddən artıq qanunvericilik tənzimləməsinin aradan qaldırılması haqqında” qanunu imzalayıb.
Qanuna əsasən, əcnəbi legionerlərin büdcə vəsaitləri və kvazi-dövlət sektoru qurumlarının hesabına maliyyələşdirilməsi qadağan edilib.
Burada söhbət əcnəbi idmançıları cəlb etmək üçün büdcədən vəsatin ayrılmasına qoyulan qadağadan gedir. Bu qərar konkret olaraq büdcədən maliyyələşən əcnəbi idmançılara aiddir. Legionerlərin şəxsi maliyyələşdirilməsinə qadağa qoyulması nəzərdə tutulmayıb.
Məlum olduğu kimi, Azərbaycanda da xarici legionerlərin beynəlxalq yarışlara cəlb edilməsı üçün hər il milyonlarla vəsait xərclənir. Azərbaycan da analoji addım ata bilərmi?
İdman eksperti Natiq Muxtarlı baki-xeber.com saytının saytının sualını cavablandırarkən bildirdi ki, Azərbaycan idmanı, demək olar, əcnəbi idmançıların monopoliyasındadır: “Bu monopoliyanı yaradan isə nazirilik, federasiyalara rəhbərlik edən oliqarx-nazirlərdir.
Onların məqsədi Azərbaycanda idmanı inkişaf etdirmək yox, asan yolla nəticə əldə etməkdir. Buna görə də, ölkədə infrastruktur qurmaq, idmançı yetişdirmək əvəzinə xaricdən hazır idmançıları dəvət edirlər, yəni pulla alırlar. Beləcə, beynəlxalq yarışlarda bir-iki medal qazanıb, hesabat verirlər. Əvəzində isə dövlətin ayırdığı milyonları mənimsəyirlər.
Azərbaycanın bölgələrində isə uşaqların idmanla məşğul olması üçün heç bir şərait yoxdur. Acınacaqlısı odur ki, Azərbaycanda ənənəvi idman növləri də legionerləşdirilib. Söhbət güləşdən, boksdan, cüdodan gedir.
Azərbaycan güləşçiləri SSRİ kimi nəhəng ölkənin yığmasının özəyini təşkil ediblər.
İndi Azərbaycan yığmasına gürcüləri, dağıstanlıları, ukraynalıları cəlb edirlər. Amma belə olmamalıdır. Azərbaycan güləşçilər ölkəsidir. Azərbaycanlılar anadan güləşçi doğulurlar. Sadəcə infrastruktur qurulmalı, idmançı yetişdirilməli və biz özümüz başqa ölkələrə güləşçilər verməliyik. Amma oliqarx-nazirlərin məqsədi bu deyil. Qazaxıstan bu bəlanı hiss etdiyi üçün qərar qəbul edib. Azərbaycanda da belə qərarın verilməsi mütləqdir. Amma inanmıram ki, hazırda Azərbaycan idmanına rəhbərlik edən şəxslər bu addımı atmaq üçün təşəbbüs göstərsinlər. Azərbaycanın idman naziri ümumiyyətlə ölkədə idmanın durumu ilə maraqlanmır. O, idman nazirindən çox, turizm naziri təsiri bağışlayır. Nazir olduğu müddətdə Azərbaycanın bircə bölgəsinə də səfər etməyib, real durumla maraqlanmayıb, amma əvəzində bütün dünyanı gəzib.
Qazaxısan ölkə idmanını xilas etmək üçün əməli addım atıb. Azərbaycan idmanının da xilasa ehtiyacı var. Amma onun xilası üçün addım atılacağına güman yoxdur”.