
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun 2023-cü il üzrə büdcəsinin gəlir və xərclərinin (işsizlikdən sığorta ödənişləri və özünüməşğulluq tədbirlərinin təşkili üzrə xərclər istisna olmaqla) icrasına dair audit zamanı bəzi xərclərin hesabatdan kənarda saxlanıldığı, bir sıra uyğunsuzluqlar olduğu müəyyən edilib.
Bu barədə Hesablama Palatasının 2025-ci ilin I rübünə dair “Dövlət auditi” bülletenində bildirilir.
Sənəddə deyilir ki, audit proqramına əsasən, işsizlikdən sığorta ödənişləri, özünüməşğulluq tədbirlərinin təşkili və müvafiq icra hakimiyyəti orqanının əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin (o cümlədən DOST Agentliyinə yönəldilən vəsait) birgə maliyyələşdirilməsi xərcləri nəzarət tədbirinin əhatəsinə daxil edilməyib.
Halbuki, bu xərclər müvafiq olaraq 2023-cü ilin ümumi xərclərinin 6.2%-ni, 70.8%-ni və 16.9 %-ni təşkil edib.
2023-cü ildə işsizlikdən sığorta ödənişləri 9 765 nəfəri əhatə edib. Bu sahədə proqnoz göstəricilərilə müqayisədə kontingentin və xərclənən vəsaitin icrası müvafiq olaraq 94.2% və 95.4% təşkil edib. Özünüməşğulluq tədbirlərinin maliyyələşdirilməsinə ayrılan vəsait tam icra edilsə də, əhatə olunan vətəndaşların sayı planlaşdırılandan 9.2% az olub.
Bundan başqa, müəyyən edilib ki, 2023-cü ildə Naxçıvan Muxtar Respublikası üzrə sığorta daxilolmaları 3.9 milyon manat, sair daxilolmalar isə 0.5 milyon manat təşkil edib. Həmin il üzrə ümumilikdə 2.1 milyon manat vəsait icra olunub. İlin əvvəlində 691.4 min manat qalıq vəsait olub və il ərzində daxil olan vəsaitlər nəzərə alınmaqla, 2023-cü ilin sonunda 2.99 milyon manat vəsait qalığı formalaşıb. Bu göstəricilər nə büdcə qanunlarında, nə də fondun digər rəsmi sənədlərində əks olunmayıb.
Toplanmış audit sübutlarına əsasən, 2022-ci ilin sonuna Fondun hesablarında 67.1 milyon manat məbləğində vəsait qalıb. Bu isə 2023-cü il üzrə təsdiq olunmuş büdcədə qeyd olunan göstəricidən 9.1 milyon manat çoxdur. 2023-cü ildə 8.5 milyon manat məbləğində vəsait investisiya fəaliyyətinə yönəldilib. Naxçıvan Muxtar Respublikası üzrə göstəricilər nəzərə alınmadan, ilin sonunda 23.8 milyon manat vəsait istifadədə olub.
Qanunvericiliyə əsasən, büdcədənkənar dövlət fondları tərəfindən təqdim edilən hesabat formalarını Maliyyə Nazirliyi müəyyən edir və müvafiq icra hakimiyyəti orqanlarına, eləcə də Hesablama Palatasına təqdim edir. Hesabatlar rübdə bir dəfə mətbuatda dərc edilməlidir. Bununla belə, audit zamanı məlum olub ki, gəlir və xərclərlə bağlı məlumatlar statistika xarakteri daşıyır və smeta icrası ilə bağlı mühüm göstəricilər, o cümlədən investisiya fəaliyyətindən əldə edilən gəlirlər hesabatda əks olunmayıb. Bu da müəyyən təhriflərə səbəb olub.
Hesablama Palatasının qənaətinə görə, 2023-cü ildə Fondun gəlir və xərcləri “Büdcə sistemi haqqında” qanunun və digər normativ hüquqi aktların tələblərinə uyğun şəkildə tərtib edilməyib, vahid büdcə təsnifatına əməl olunmayıb.