
ABŞ Çinlə ticarət əlaqələrini məhdudlaşdırmaq müqabilində 70-dən çox ölkəyə rüsumları azaltmağı təklif etmək niyyətindədir.
Bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadən bildirib.
“Tramp Administrasiyası cari tarif danışıqlarından istifadə etməyi və Birləşmiş Ştatların ticarət tərəfdaşlarına təzyiq göstərərək onların Çinlə sövdələşmələrini məhdudlaşdırmağı planlaşdırır”, – nəşrdə qeyd olunur.
İzah edilir ki, Tramp bu yolla ticarət tərəfdaşlarından Çin bazarının təcrid edilməsi üzrə öhdəliklər əldə etməyə çalışacaq. Sövdələşmənin şərtlərinə görə, ölkələr Çin Xalq Respublikası müəssisələrinin öz ərazilərində yerləşməsini və onlar vasitəsilə mal tədarükünü qadağan etməlidirlər. Bundan əlavə, ABŞ lideri tərəfdaşların Çin sənaye məhsullarından imtina etməsini istəyir.
WSJ-nin qeyd etdiyi kimi, ideyanın təşəbbüskarı ABŞ-nin maliyyə naziri Skott Bessent olub. Dəqiqləşdirilib ki, Tramp artıq müvafiq planı alıb.