
ABŞ administrasiyası Çinlə ticarət qarşıdurmasının kəskinləşməsi fonunda bu ölkədən idxal olunan mallara 245%-dək gömrük rüsumları tətbiq etməyi planlaşdırır.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Açıqlamada qeyd olunur ki, aprelin əvvəlində ABŞ prezidenti Donald Tramp bütün ölkələrə qarşı 10%-lik gömrük rüsumları tətbiq edib, eyni zamanda Vaşiqtonın ən böyük ticarət kəsiri olan ölkələr üçün daha yüksək tariflər müəyyənləşdirib. Tramp bu addımı oyun şərtlərini bərabərləşdirmək və Amerikanın milli təhlükəsizliyini təmin etmək məqsədi ilə atdığını bildirib.
Ağ Evin məlumatına görə, bu qərardan sonra 75-dən çox ölkə ABŞ ilə danışıqlara başlayıb və yeni ticarət razılaşmaları əldə etməyə çalışır.
“Bu danışıqlar fonunda fərdi tariflərin tətbiqi bütün ölkələr üçün dayandırılıb. Lakin Çin cavab tədbirləri gördüyünə görə, bu ölkəyə qarşı 245%-dək idxal rüsumları tətbiq edilə bilər”,- məlumatde deyilir.
Rüsumların dəqiq tətbiq vaxtı və detalları barədə hələ məlumat verilməyib.