
Ölkəmizdə əmək pensiyası hüququndan istifadə etmək üçün minimum pensiya kapitalına və ya azı 25 il sığorta stajına malik olmaq lazımdır. Bu tələblərə isə əmək müqaviləsi ilə işləyən şəxslər cavab verir.
Bəs rəsmi iş stajı olmayan və ya ümumiyyətlə, işləməyənlər pensiyaya necə çıxırlar?
Məsələ ilə bağlı hüquqşünas Xəyal Bəşirov konkret.az-a açıqlamasında bildirib ki, həmin şəxslərə vaxt çatdıqda yaşa görə müavinət müəyyən olunur:
“Yəni, əmək müqaviləsi üzrə fəaliyyət göstərməyən və eyni zamanda pensiya kapitalına sahib olmayan şəxslər müəyyən yaşa çatdıqdan sonra, onlara müavinət verilir. Bu müavinət 250 manat civarında olmalıdır. Müavinətin məbləği yalnız ölkə başçısının müvafiq Sərəncamı ilə artırılır. Bu müavinət ömürlərinin sonlarına kimi onlara ödənilir.”
Hüquqşünas qeyd edir ki, 2006-cı ildən 2018-ci ilə kimi ən azı bir gün sığorta stajı olanlara 25 il sığorta stajı hədiyyə olunur. Beləliklə, onlara minimum həcmdə əmək pensiyası təyin edilir.