
Son günlərdə havanın temperaturundakı kəskin dəyişikliklər bir çox ölkədə insanların gündəlik həyatına təsir edib. Araşdırmalara görə, bu ay dünyanın bir çox bölgəsində havanın soyuması müşahidə olunacaq.
Aprel ayında adətən baharın daha da hiss olunmağa başladığı bir vaxt olsa da, bu il qeyri-adi hava şəraiti ilə yadda qalacaq. Avropa ölkələrinin əksəriyyətində, xüsusilə də Şərqi Avropada, aprel ayının ortalarında gözlənilən soyuq hava dalğası artıq təsirini göstərməyə başlayıb. Polşa, Ukrayna və Rumıniyada temperaturun 0°C-yə yaxınlaşması və bəzi bölgələrdə şaxtaların olması proqnozlaşdırılır. Həmçinin qardaş ölkə Türkiyədə də qarlı hava müşahidə edilir.
Bəs bu nə ilə bağlıdır? Ölkəmizə necə təsir edəcək?
Meteoroloq Cavid Hüseynov dünyada havanın soyumasını Yenisabah.az-a belə şərh edib:
Avropanın şimal-şərq hissəsi, şimal-qərbi Sibir və Barens dənizləri üzərində siklon və antisiklonların formalaşması ilə səciyyələnən soyuq hava kütlələri yarandığı məkanda və əhatə etdiyi təsir dairəsində hava şəraitinin kəskin pisləşməsinə səbəb olur, havanın aşağı təbəqələrində faktiki temperaturla norma arasındakı fərq 5-8°C, yuxarı təbəqələrdə isə 2-4°C arasında dəyişir”.
Ekspert vurğulayıb ki, hazırda respublikamızın ərazisində müşahidə olunan küləkli hava şəraiti siklonik fəaliyyətlə əlaqədardır və yaz fəsli üçün xarakterikdir:
“Soyuq hava kütlələrinin ölkəmizin ərazisinə daxil olmasıyla yaxın bir neçə gün ərzində havanın temperaturunun kəskin dəyişməsi (aşağı düşməsi) və leysan yağıntıların (yüksək dağlıq ərazilərdə qar şəklində) yağmasına, sahilyanı və düzənlik ərazilərdə isə güclü küləklərin əsməsinə səbəb olacaq”.
Qeyd edək ki, mütəxəssislər havanın bu qədər dəyişkən və qeyri-sabit olmasını qlobal iqlim dəyişiklikləri və “La Niña” fenomeni ilə əlaqələndirirlər. “La Niña” bu il atmosfer axınlarını dəyişdirərək bəzi bölgələrdə havanın soyumasına, digərlərində isə normadan artıq yağıntılara səbəb olur.