
“Son bir neçə gündə DIN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin, nazirliyin rəsmisi Elşad Hacıyevin açıqladığı məlumatlara göz gəzdirirəm. Statistika sadəcə ağlasığmazdır”.
Bunu Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz “Facebook” səhifəsində yazıb.
Ekspert nazirliyin son 3 gündə bank kartlarından oğurlanan məbləğlərin statistikasını paylaşıb:
“7 Aprel — 66,997 AZN
8 Aprel — 87,067 AZN
10 Aprel — 24,864 AZN
Əslində, DİN-in artıq gündəlik belə bir statistikaları paylaşması özü diqqət cəlb edəndir. Əvvəllər gündəlik statistikada adətən ayrı növ cinayətlərin məlumatları gözə dəyirdi.
Yəni görünən odur ki, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi və banklar nəhayət ki, real vaxtda işləyən bir anti-fraud sistem qura biliblər. Bu, artıq bank sektorunda kibercinayətkarlığa qarşı yeni bir mərhələnin başlanğıcıdır. Artıq kibercinayətkarlıq, bank sektorundakı cinayətlər tam, real vaxtda monitorinq oluna bilir. Bütün bunlar isə, şübhəsiz ki, cinayətkar sxemlərin vaxtında ifşasına və qarşısının alınmasına daha yaxşı şərait yaradacaq”.

Ekspert vurğulayır ki, açıqlanan məlumatlardan görünür ki, yenə həmin kordinat, həmin dalğadır: “Fırıldaqçılar müxtəlif sxemlərdən istifadə edərək vətəndaşların etibarını qazanır, müxtəlif üsullarla zəng etməklə özlərini bank işçisi, sığorta agenti, vergi əməkdaşı kimi təqdim edərək şəxsi və maliyyə məlumatlarını əldə edirlər”.
AİF prezidenti daha sonra tövsiyyələrini açıqlayıb: “Nələrə diqqət etmək lazımdır?
Bir daha xatırladırıq ki, bank kartının məlumatlarını – CVV/CVC kodunu, SMS ilə gələn OTP şifrəni, loqin və parolu, PIN kodu paylaşmaq təhlükəlidir! Özünü “bank işçisi”, hansısa dövlət qurumu nümayəndəsi kimi təqdim edən şəxslə birbaşa şəxsi və bank məlumatlarının müzakirəsinə keçmək təhlükəlidir!
Bank kartları ilə olan kibercinayətkarlıqda əsas vasitələrdən birisi xaricdə oturan fırıldaqçının yerli nömrə ilə zəng etməsidir. Adətən bu məqsədlə SİM-box adlanan qurğulardan istifadə edilir. Yəni cinayətkar xaricdə bir ölkədə oturur, başqa bir ölkədə server qurur, Azərbaycanda özünə tərəfdaş tapır, SİM-box-lar Azərbaycana göndərilir və hansısa bir məkanda yerləşdirilir, potensial – “yağlı müştəri” hesab olunacaq vətəndaş müəyyən olunur. Onlarla, yüzlərlə mobil nömrələr – sim kartlar alınaraq SİM-box a yerləşdirilir. Fırıldaqçılar xaricdən olan zəngi məhz həmin SİM-boxla yerli zəng olaraq vətəndaşa yönəldirlər”.
O.Gündüz hesab edir ki, bu tip avadanlıqların ölkəyə gətirilməsi və tətbiqi ilə bağlı məsələlər də sərtləşdirilməlidr. Onun sözlərinə görə, eyni zamanda fərdi məlumatların qorunması istiqamətində daha sərt tədbirlər görülməsinə ehtiyac var: “Gizli deyil ki, xaricdəki cinayətkarlar hansısa bank müştərisi olan, kartında vəsait olan (balansı, bank əməliyyatları diqqət cəlb edən) vətəndaşların siyahısını yalnız sosial şəbəkələrdən, internetdən əldə edə bilməz. Müşahidələr göstərir ki, fırıldaqçılar potensial hədəflərin müəyyən edilməsində daha güvənli məlumatlardan istifadə edirlər.
Şübhələnmək üçün əsaslar var ki, real bank əməliyyatları olan, kartlarında vəsait olan vətəndaşların siyahıları bank və ya mobil operatorlardakı mənbələrdən də sıza bilər. Qonşu ölkələrin təcrübəsinə baxanda da görmək olur ki, bu tip siyahılar qara bazarlarda satışdadır.
Bu baxımdan düşünürəm ki, hökumət, hüquq-mühafizə qurumları kibercinayətkaqlğa qarşı mübarizədə banklarda və mobil operatorlarda vətəndaşlarla bağlı məlumatların qorunmasına, bu tip informasiyaları fırıldaqçılara sızdıranlara qarşı daha sərt tədrbirlər görülməsinə diqqət yetirməlidirlər”.
AİF rəhbəri xatırladır ki, son zamanlar qonşu ölkələrdə – Qazaxıstanda, Rusiyada bu istiqamətdə qanunvericilik xeyli sərtləşdirilib.
“Bu baxımdan, qonşularımızda bu sahədə olan “münbit şəraitdən” əli üzülənlər arasında ölkəmizi kiberhədəf olaraq görmək istəyənlərin sayının artacağını da proqnozlaşdırmaq olar”, – O,Gündüz vurğulayıb. /azpolitika.info