
Dünən Ermənistan Müdafiə Nazirliyi 9-10 aprel tarixlərində İranla birgə hərbi təlimlərin keçiriləcəyini elan edib. Nazirlik bildirib ki, hər iki ölkənin silahlı qüvvələrinin bölmələri öz ərazilərində təlimdə olacaqlar.
Qeyd olunur ki, təlim Ermənistan – İran dövlət sərhədində yerləşən sərhəd-keçid məntəqələrinə ehtimal edilən terror qruplarının hücumlarının zərərsizləşdirilməsi üzrə hərəkətləri əhatə edir.
İRNA xəbər agentliyinin məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunları komandanının müavini Vəliullah Mani manevrlərin bəzi təfərrüatlarını açıqlayıb. O, Ermənistan və İran arasında birgə hərbi təlimlərin dinc xarakter daşıdığını bildirib. Generalın sözlərinə görə, onlar sərhəd təhlükəsizliyini təmin etmək üçün Ermənistan – İran sərhədinin Norduz rayonunda məşq edəcəklər.
“İran və Ermənistanın sərhədyanı bölgələrində heç bir təhlükə yoxdur, bu, hərbi qüvvələrin hazırlığını artırmaq, terrorizmlə mübarizə və sabit sülhü qorumaq üçün edilir”, – deyən Maini sözlərinə belə davam edib: – “Regiondakı mövcud həssas vəziyyət nəzərə alınmaqla, iki ölkənin sərhəd bölgələri strateji əhəmiyyət kəsb edir”.
Bu yaxınlarda İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilk dəfə nazir kimi İrəvanda olub. O, İrəvanda bəyan edib ki, İran region ölkələrinin ərazi bütövlüyünü dəstəkləyir və beynəlxalq sərhədlərdə istənilən dəyişikliyin əleyhinədir. Regiondakı problemlər güc tətbiq edilmədən, dialoq yolu ilə həll edilməlidir.
Bununla yanaşı, Əraqçi “Regionda gərginlik təhlükəsi var” deyərək, sülh sazişinin imzalanacağı təqdirdə bu təhlükələrin minimuma endiriləcəyinə və hamının maraqlarına cavab verən sabitliyin şahidi olacağımıza ümid etdiyini bildirib.
Azərbaycan dəfələrlə bəyan edib ki, Naxçıvanla gömrük və sərhəd nəzarəti olmadan Zəngəzur vasitəsilə əlaqəsi təmin edilməlidir. Bu, həm də 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda Ermənistanın öhdəliklərindən biridir. Lakin rəsmi İrəvan bundan imtina edir, bildirir ki, Ermənistanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını şübhə altına almadan Azərbaycana Naxçıvanla birləşəcək yol verməyə hazırdır.
Dünən Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq konfransda bir daha bəyan edib ki, sülh müqaviləsi imzalanmayana və Ermənistan Azərbaycana qarşı hələ də konstitusiyasında yer alan bütün ərazi iddialarından tam imtina etməyənə qədər, Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində öz davranışında səmimilik nümayiş etdirməyənə qədər yeni hərbi qarşıdurma riski həmişə mövcud olacaq”.
Görünür, İran növbəti dəfə regionda əsas müttəfiqi olan Ermənistana dəstək vermək üçün birgə hərbi təlimlərə ehtiyac duyub. İrəvanın bu addımlarının İranın əsas düşməni olan ABŞ-nin yeni administrasiyasında necə qarşılanacağı isə maraq doğurur… /azpolitika.info