
“Brüsselin bu “istəyinin” yerinə yetirilməsi türk ittifaqının maraqlarına uyğun deyil”
“Mərkəzi Asiyanın türk dövlətlərini Kipr (yunan) Respublikasını rəsmən tanımağa, hətta orada səfirlik açmağa nə məcbur edib? Axı bu ölkələrin liderləri bilməliydilər ki, bununla həm Türkiyə ilə münasibətlərə, həm də özlərinin iştirakçısı olduğu Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyətinə zərər verəcəklər”.
Bu barədə politoloq Elxan Şahinoğlu TDT üzvlərinin sözügedən qərarını şərh edərkən bildirib.
Ekspert hesab edir ki, Mərkəzi Asiya ölkələri Kipr (yunan) Respublikasının ardınca Kuzey Kıbrıs Türk Cumhuriyyətini (KKTC) tanımağa qərar versəydilər, bunu strateji addım kimi qiymətləndirmək olardı: “Ancaq Mərkəzi Asiya ölkələrinin KKTC-ni tanıyacaqlarına işarət edən heç nə yoxdur. Digər tərəfdən Mərkəzi Asiya ölkələrinin Kipr (yunan) Respublikası ilə eyni anda bağlar qurması həmin dövlətlərin bunu bir-birləriylə koordinasiyalı və planlı şəkildə həyata keçirdiyi görüntüsü yaradıb. Onların bu planından nə Ankaranın, nə də Bakının əvvəlcədən xəbəri olub.
Qazaxıstanın qərarının məntiqini anlamaq məqsədilə illərdir tanıdığım və dostluq etdiyim qazax həmkarımla əlaqə saxladım. Statusdakı sualları ona ünvanladım. Qazax həmkarım Mərkəzi Asiya ölkələrinin bu qərarını aprelin 4-də Özbəkistanın Səmərqənd şəhərində Avropa İttifaqı rəhbərliyi ilə keçirilən sammiti ilə əlaqələndirdi. Onun fikrincə, Kipr (yunan) Respublikası ilə sıx əlaqələr Brüsselin istəklərindən biri olub. Avropa İttifaqı Mərkəzi Asiya dövlətlərinə milyardlarla avro yatırımlar və ortaq layihələrin reallaşmasını vəd edib. Ancaq Brüsselin bu “istəyinin” yerinə yetirilməsi türk ittifaqının maraqlarına uyğun deyil”.
Ekspert xatırladır ki, Prezident İlham Əliyev aprelin 9-da ADA-nın təşkil etdiyi beynəlxalq tədbirdə Azərbaycanın Kuzey Kıbrısla əlaqələri bundan sonra da inkişaf etdirəcəyini bildirib.
“Kıbrıs Prezidenti və ictimaiyyəti tərəfindən böyük məmnunluqla qarşılanan bu açıqlama Azərbaycan Prezidentinin Mərkəzi Asiya dövlətlərinin son qərarı ilə razılaşmadığı anlamına gəlir. Digər tərəfdən İlham Əliyev Avropa İttifaqı və Avropa Şurasından danışarkən, Azərbaycanın artıq bu qurumların qərarlarından asılı olmadığını vurğuladı. Bunları əsas götürərək Azərbaycanın Mərkəzi Asiya ölkələrindən fərqli olaraq Kuzey Kıbrıs Türk Cumhuriyyətinin müstəqilliyini tanıyacağı və Lefkoşada səfirlik açacağı gün uzaqda deyil”, – E.Şahinoğlu vurğulayıb. /azpolitika.info