
Hazırda Ukrayna xarici silahlardan əvvəlki qədər asılı deyil. Lakin Avropa İttifaqının daha fəal iştirakı olsaydı, Ukraynanın döyüş meydanında uğurları daha da böyük ola bilərdi.
Bu barədə The Economist yazır.
Ukraynanın müdafiə ehtiyaclarını ödəməyin bir yolu daha çox Avropa istehsalı silah göndərməkdir. Amma bu çətindir, çünki Avropanın əksər müdafiə şirkətləri uzunmüddətli müqavilələr olmadan istehsalı artırmaq istəmirlər.
Bunun əvəzinə, nəşr yazır ki, avropalılar hərbi yardıma ayrılan vəsaiti Ukraynanın öz müdafiə sənayesini dəstəkləməyə yönəltməlidirlər. Variantlardan biri budur ki, Avropa hökumətləri Ukrayna şirkətlərindən birbaşa silah alıb onu Ukraynaya göndərsinlər.
Aİ hökumətləri həmçinin müqavilələr və ya hətta birgə investisiyalar vasitəsilə Avropa və Ukrayna şirkətləri arasında birgə müəssisələrin yaradılmasını təşviq edə bilərlər. Bu, Ukraynaya daha sürətli və dəqiq hücum raketləri hazırlamaqda kömək edə, ideal halda isə ölkənin ən böyük zəif nöqtəsi – yaxınlaşan Rusiya raketlərini vurmaq üçün zəruri olan zenit raket sistemlərinin çatışmazlığını aradan qaldıra bilər. Eyni zamanda, Ukrayna ilə Aİ arasında pilotsuz uçuş aparatlarına qarşı müharibədə ortaq təcrübə formalaşardı.
“The Economist” vurğulayır: “Ukrayna ilə müqavilələr bağlamaq və yerli şirkətlərlə birgə müəssisələr yaratmaq, ABŞ yardımının başa çatmasını kompensasiya etmək üçün iqtisadi cəhətdən səmərəli bir yol olardı… Ukrayna müdafiə şirkətlərinə daha çox vəsait verin və onlar Rusiyanı uzaqda saxlamaq üçün öz silahlarını istehsal edəcəklər”.
Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Avropa ölkələrinin Ukrayna üçün Amerika silahı almasına icazə verməyə razı olub.
Digər tərəfdən, mart ayında Tramp Konqresdə hələ Co Bayden dövründə qəbul olunmuş Ukraynaya hərbi yardım paketini müvəqqəti dayandırmışdı. Hazırda Tramp administrasiyası Ukrayna üçün heç bir yeni hərbi yardım paketi elan etməyib.
Ukrayna prezidenti Volodimir Zelenski isə bildirib ki, ölkəsi maraqlıdır və ABŞ-a 30-50 milyard dollar dəyərində böyük bir silah paketi almaq təklifi göndərib. Onun sözlərinə görə, Ukraynaya azı 10 əlavə hava hücumundan müdafiə sistemi lazımdır./qaynarinfo.az