
Komissar Maykl O’Flaherti mühakimə edilən erməni canilərə azadlıq istəyib; onun ittihamlarına ağır cavablar gəldi
Avropa Şurasının insan haqları üzrə komissarı Maykl O’Flaherti Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasında Bakıda məhkəməsi gedən xuntaçılarla bağlı danışıb. Komissar deyib ki, məhkəməni diqqətdə izləyir. O, AŞ PA adından qeyd edib ki, regionda hər bir insanın hüquqlarına diqqət yetirmək, eləcə də Qarabağa qayıtmaq istəyənlərin qayıdışını təmin etmək lazımdır.
“Mən həmçinin Ermənistanı Dağlıq Qarabağdan (? – red.) qəbul etdiyi insanlara qarşı isti münasibətini davam etdirməyə çağırıram”, – O’Flaherti Ermənistanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, revanşist Arusyak Culhakyanın Bakıda saxlanılan erməni məhbuslarla bağlı təxribatçı sualını cavablandırarkən söyləyib.
Bundan əlavə, o, separatçıların məhkəməsi ilə bağlı Bakıya gəlmək üçün iki dəfə cəhd etdiyini, lakin cəhdlərinin boşa çıxdığını bildirib. Bununla belə, cəhdlərinə davam edəcəyini də sözlərinə əlavə edib. Erməni mediasının yazdığına görə, komissar Bakıda ağır cinayətlərdə ittiham olunan ermənilərə azadlıq da istəyib…
Əlbəttə, Azərbaycana xoş, səmimi niyyətlə təşrif buyurmaq istəyən xarici ölkə yetkilələrinə, avropalılara qapımız həmişə açıqdır. Ancaq öncə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə sayğı göstərmək şərtdir. O sırada Avropa Şurası komissarı bilməlidir ki, Azərbaycanda “Dağlıq Qarabağ” adında ərazi yoxdur, Qarabağ iqtisadi zonası var. İkinci yandan, Azərbaycanla normal münasibətlər, o cümlədən insani-humanitar əlaqələr üçün ölkəmizin AŞ PA-da səs hüququ bərpa olunmalıdır.
Yada salaq ki, örtən ilin yanvarından – Qarabağda bir günlük antiterror əməliyyatından az sonra Azərbaycanın AŞ PA-da səs hüququ dondurulub. Bundan əlavə, qurum saxlanılan separatçı quldurlarla bağlı Bakıya əsassız çağırış edib. Ardınca bir sıra AŞ PA deputatlarına ölkəmizə giriş qadağası qoyulub.
Maraqlıdır, “regionda hər bir insanın hüquqlarına diqqət yetirməli” olduğunu bəyan edən AŞ komissarı nədən yüz minlərlə qərbi azərbaycanlı qaçqının elementar hüququndan danışmır? Avropa Şurası komissarı Bakıya hansı şərtlərlə buraxıla bilər? Ümumiyyətlə, Azərbaycan əleyhinə bu kampaniyanın təsirləri varmı?
Onu da deyək ki, Bakıda hərbi və insanlığa qarşı cinayətlərdə ittiham edilən keçmiş və qondarma “dqr rəhbər”ləri içərisindən Ruben Vardanyanın “müdafiə qrupu” xüsusi canfəşanlıq edir, elə bəzi Qərb media qrupları da əsasən bu erməni milyarderin üzərində manipulyasiyalar aparırlar: ondan “siyasi məhbus” düzəltmək üçün əldən-ayaqdan gedirlər. Vardanyanın həbsindən bir neçə ay sonra Qərbdə “Erməni məhbusları azad et” adlı petisiya başladıldı. Əslində petisiyanın adı erməni məhbusları ilə bağlı olsa da, əsas ideyası Ruben Vardanyanın azadlığına nail olmaqdır. Ekspertlərin fikirlərinə görə, burada pul amili əsas rol oynayır. Vardanyanın 5 milyard həcmində vəsaitinin olduğu barədə tez-tez xəbərlər yayılır. Vaxtı ilə o, Fransa Prezidenti Emmanuel Makronun seçki kampaniyasına da ciddi dəstək verib.
Parlamentin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev bildirdi ki, Azərbaycan hakimiyyətinin onun məhz erməni caniləri müdafiə etdiyinə görə ölkəyə buraxmaması təbiidir: “Bu şəxslər hərbi cinayətkarlardır. Əgər avropalı komissar separatizmi və işğalı pisləsəydi, 1 milyon azərbaycanlı qaçqının olduğunu desəydi, xunta rejiminin vurduğu zərəri dilə gətirsəydi, sonra humanizm cəhətdən onlara baş çəkməsi üçün xahişinə baxmaq olardı”.
Deputat qeyd etdi ki, ancaq burada birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü danır, separatizmi dəstəkləyən mövqedən çıxış edir: “Ona görə mən də hakimiyyətin yerində olsam, onu Azərbaycana buraxmazdım”.
Siyasi ekspert Züriyə Qarayeva bildirdi ki, ermənipərəst komissarın Azərbaycana buraxılmaması doğru addımdır. Onun fikrincə, həm hərbi canilərə azadlıq istə, separatizmə dəstəyini ifadə et, həm də Bakıya gəlməyə çalış, bunun adı müştəbehlikdir: “Əfsuslar olsun ki, təkcə həmin komissar deyil, bəzi konqresmenlər, avropalı deputatlar bu kampaniyada iştirak edirlər. Onlar erməni lobbisinin, Vardanyana yaxın qrupların maliyyəsinin hesabına bu xidməti göstərirlər. Təbii ki, məqsəd Azərbaycana təzyiq etmək, beynəlxalq ictimaiyyətin gözündə erməni caniləri siyasi məhbus kimi qələmə verməkdir. Ancaq diqqət edirsinizsə, heç bir ölkənin rəsmi səviyyədə mövqeyi yoxdur. Sadəcə, Avropa Şurası kimi Azərbaycana düşmən kəsilən beynəlxalq təsisatların tribunasından ayrı-ayrı şəxslərin belə qərəzli çıxışlarına rast gəlmək olar. Bununla yanaşı, Azərbaycan belə çağırışlarla geri çəkilməyəcək. Həmin şəxslər cinayət törədiblər, özləri də hər məhkəmə prosesində etiraf edirlər. O ki qaldı ermənilərin Qarabağa qayıdışı ilə bağlı avropalı komissarın çağırışına, Azərbaycan zamanında onları qalmağa dəvət etdi, vətəndaşlıq veriləcəyi açıqlandı. Hazırda isə Ermənistan belə onların qayıdışını istəmir və vətəndaşlıq verməyə başlayıb”./musavat.com