
ABŞ Prezidenti Donald Tramp bütün dünyaya qarşı başlatdığı və ciddi mənfi fəsadlara yol açan yeni “ticarət savaşı”na haqq qazandırarkən, dünya dövlətlərini təhqir edib.
Respublikaçıların Milli Komitəsi üçün pul yığımı mərasimində çıxış edən Tramp onunla ticarət razılaşması əldə etmək istəyən ölkələri aşağılayıb: “Sizə deyirəm, bu ölkələr bizə zəng edib mənim arxamı öpürlər. Bu, həqiqətdir. Onlar sövdələşmə üçün ölürlər: “Lütfən, zəhmət olmasa, razılaşma imzalayın. Mən hər şeyi edəcəm. Mən hər şeyi edəcəyəm, cənab…”. Biz isə heç də mütləq qaydada onlarla sövdələşməyə getmək istəmirik. Biz əlimizdə olandan razıyıq, gündə 2 milyard dollarımızı qzanırıq. Amma onlar bizimlə sövdələşmək istəyirlər”.
Tramp iddia edib ki, şirkətlər ABŞ-yə qayıdır və trilyonlarla dollar sərmayə qoyurlar. Bundan əvvəl dövlət başçısı deyib ki, 70-dən çox ölkə ticarət sazişləri bağlamaq xahişi ilə ABŞ-yə müraciət edib.
Aprelin 2-də Tramp onlarla ölkədən gələn mallara qarşılıqlı rüsumların tətbiq ediləcəyini bəyan edib. Baza dərəcəsi 10% təşkil edir, lakin bəzi ölkələr üçün tarif daha yüksək olacaq. Belə ki, Çin üçün 34%, Aİ üçün isə 20% rüsum elan edilib.
Tramp bildirib ki, ABŞ danışıq istəyən ölkələrlə danışıqlara açıqdır. Bəzi ölkələr cavab tarifləri tətbiq edib. Xüsusilə, Pekin aprelin 10-dan etibarən 34%-lik cavab tarifləri elan edib. Tramp daha sonra Çinə yeni tariflər tətbiq edərək, ümumi tarifləri 104%-ə çatdırıb. Avropa İttifaqı isə bir sıra Amerika mallarına cavab olaraq 25 faizlik tariflər tətbiq etməyi planlaşdırır.
Onu da əlavə edək ki, Trampın guya tarif müharibəsindən gündə 2 milyard dollar qazandığı barədə iddiaları ABŞ Maliyyə Nazirliyi tərəfindən təsdiqlənməyib. Onun özündənrazı və bütün siyasi etiketləri, əxlaqı aşan bəyanatlarına baxmayaraq, nüfuzlu iqtisadçılar Trampın başlatdığı “ticarət savaşı”nın düzgün hesablanmadığını və bunun ABŞ də daxil olmaqla bütün dünya iqtisadiyyatına böyük zərbə vurduğunu, hətta qlobal iqtisadi böhrana yol açdığını deyirlər.