
“Biz Azərbaycan tərəfi ilə kompromis axtarmaqda davam edirik. Həm Azərbaycan tərəfi, həm də biz konstruktiv mövqedəyik və kifayət qədər nikbinik ki, hələ də kompromis tapacağıq və tammiqyaslı iş bərpa olunacaq”.
Bunu Bakıda fəaliyyəti dayandırılan “Rus Evi”-nin tabe olduğu “Rossotrudniçestvo”-nun rəhbəri Yevgeni Primakov Rusiya mediasına açıqlamasında deyib.
Primakovun dediyinə görə, Moskva və Bakı Azərbaycandakı “Rus Evi” ilə bağlı kompromis axtarırlar və guya hər iki tərəf konstruktiv mövqedədir, işin bərpa olunması məsələsində nikbindir.
O əlavə edib ki, Rusiya və Azərbaycan əvvəllər “Rus Evi”nin qeydiyyatı formatını müzakirə ediblər və guya onun fəaliyyəti qanuni olub: “Bakıdakı “Rus Evi” uzun illərdir ki, respublika hökuməti qarşısında bütün zəruri öhdəlikləri, o cümlədən hüquqi öhdəlikləri yerinə yetirərək uğurla fəaliyyət göstərib. Bununla belə, informasiya və mədəniyyət mərkəzlərinin fəaliyyəti haqqında 1997-ci il tarixli hökumətlərarası sazişdə açıq şəkildə qeyd olunub ki, bu mərkəz Azərbaycanda hüquqi şəxs kimi qeydiyyatdan keçməlidir”.

Xatırladaq ki, Rusiyanın AZAL təyyarəsini vurmasından və iki ölkə arasında münasibətlərin gərginləşməsindən sonra bu ilin fevralında Bakıdakı “Rus Evi”-nin fəaliyyəti Azərbaycan qanunvericiliyinə uyğun olaraq dayandırılıb. Bu təşkilatın Rusiya kəşfiyyatına və digər qaranlıq məqsədələrə xidmət etdiyi barədə Azərbaycan mediasında gedən materiallardan sonra Y.Primakov Azərbaycan KİV-lərini məhkəmə ilə hədələmişdi.

Qeyd edək ki, bundan öncə Azərbaycana səfər edən Rusiya Federasiya Şurasının rəhbəri Valentina Matvienkonun da Bakıda “Rus Evi”-nin bərpası məsələsini qaldırdığı barədə məlumat yayılmışdı.
Rusiya XİN sözçüsü Mariya Zaxarova da dəfələrlə bu mövzuyla bağlı Kremlin narahatlığını ifadə edib. Rusiya tərəfinin “Rus Evi”-nin bərpasında bu qədər israr etməsi, bu təşkilatın doğrudan da sadəcə, rus mədənəiyyəti, ədəbiyyatı və s. təbliğ edən humanitar missiya daşımadığını, daha çox siyasi maraqlara, imperiya maraqlarına və Azərbaycanda “yumşaq güc”ün saxlanmasına xidmət etdiyini təsdiqləyir./azpolitika.info