
Nizami Kino Mərkəzində “İrəvan xalçalarında ilmələrin rəqsi” bədii – sənədli filminin təqdimat mərasimi baş tutub.
Tədbirdə rəsmilər, sənət adamları, Milli Məclisin deputatları, ictimai birliklərin üzvləri və s. şəxslər iştirak edib.
Filmin təqdimatından öncə çıxış edən Milli Məclis sədrinin müavini Musa Qasımlı İrəvanın tarixindən və Azərbaycan üçün onun irsinin öyrənilməsinin vacibliyindən danışıb:
“Bizim millət dünya mədəniyyəti yarada bilən xalqdır. Hər millət bu gücə sahib deyil. Azərbaycan mədəniyyətinin beşiklərindən biri İrəvandır. Bu səbəbdən bu irsin öyrənilməsi Azərbaycan üçün həm sosial həm də, iqtisadi baxımdan önəmlidir”.
Sonra çıxış edən “Qeyd” İctimai Birliyinin baş katibi Aysel Tahirova, mədəniyyət nazirinin müavini Səadət Yusifova və Yaradıcı Sənayelər və Rəqəmsal İnkişaf Şöbəsinin müdiri Rəşad Əzizov layihənin İrəvan xalçaçılıq məktəbinin qorunması və tanıdılması istiqamətində əhəmiyyətini vurğulayıblar.
Tədbirin davamında “Qeyd-Sosial Maarifləndirmə” ictimai birliyinin sədri Tural Nurməmmədov mədəni irsin təbliğində və filmin ərsəyə gəlməsində xüsusi rolu olan şəxsləri təltif edib.