
Bu gün Astanada Milli Təcili Tibbi Yardım Koordinasiya Mərkəzində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında təcili tibbi yardım sahəsində əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Bu barədə Qazaxıstan bürosu ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.
“Sənədin imzalanmasında TDT ölkələrinin Səhiyyə nazirliklərinin müvafiq istiqamətə rəhbərlik və ya kurasiya edən nümayəndələri iştirak ediblər. Memorandumun imzalanması təcili tibbi yardım sisteminin inkişafı, peşəkar təcrübə mübadiləsi və innovativ həllərin tətbiqi istiqamətində mühüm addım olub”, – nazirliyin məlumatında bildirilib.
Azərbaycan tərəfindən sənədi Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Cəlalov imzalayıb.
Qeyd olunub ki, memorandum fövqəladə hallarda qarşılıqlı yardımın gücləndirilməsinə və türk dövlətlərinin səhiyyə sistemlərinin yeni inkişaf səviyyəsinə çıxarılmasına kömək edəcək.