
Donald Tramp ABŞ-ı diktatura rejiminə çevirməyə, xarici siyasətdə isə Amerikanın düşmənləri ilə əməkdaşlıq edərək dostlarına qarşı çıxmağa başlayıb.
Bu barədə “Hill” nəşrində amerikalı siyasətçi Con Kennet Uayt yazıb.
Analitik qeyd edir ki, İlon Maskın dəstəyi ilə Donald Tramp “köhnə yaxşı Respublikaçılar Partiyasını” faktiki olaraq məhv edərək, onu şəxsi siyasi ambisiyalarına nail olmaq üçün bir alətə çevirib.
Uaytın fikrincə, bu ambisiyalar Konqresin bir hissəsinin səlahiyyətlərini mənimsəmək və prezident vəzifəsini “amerikan üslubunda kral hakimiyyətinə” çevirməkdən ibarətdir:
“Burada isə sədaqət mükafatlandırılır, müxalif fikir isə boğulur. ABŞ-ın daxili siyasətində baş verənlər ölkənin dünya ilə münasibətlərinə də təsir edir”.
Bu kontekstdə Uayt Trampın son diplomatik “nailiyyətlərini” xatırladır: İkinci Dünya müharibəsindən sonra dünyada sabitliyi təmin edən NATO-nun zəiflədilməsi, ABŞ-ın “yumşaq gücünü” qlobal miqyasda təşviq edən USAİD agentliyinin ləğvi, Kanadanın anneksiyası ilə bağlı absurd bəyanatlar və s.
“Elə görünür ki, Prezident Trampın məqsədi Amerikanın düşmənlərinin yox, daha çox dostlarının ürəyinə qorxu salmaqdır. Trampın inqilabı”nın açıq-aşkar qurbanı, xüsusilə də onun Putinə qarşı anlaşılmaz sevgisi səbəbindən, Ukrayna ola bilər. ABŞ-ın prioritetlərinin dəyişməsi o deməkdir ki, Ukrayna yavaş-yavaş Tramp və Putinin əlində olan çəkiclərlə xaça çəkilir”, – o vurğulayıb.