
31 Mart Azərbaycanlıların soyqırımının 107-ci ildönümü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksinə ziyarət başlayıb.
Minlərlə vətəndaş səhər saatlarından başlayaraq Quba Soyqırımı Memorial Kompleksinə axın edirlər.
Anım mərasimində Quba Rayon İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyinin nümayəndələri, dini konfessiyaların və yerli hüquq-mühafizə orqanlarının əməkdaşları, pedaqoji kollektivlər və məktəblilər, ictimaiyyət nümayəndələri, eyni zamanda Şimal bölgəsinin digər rayonlarında yaşayan sakinlər soyqırımı qurbanlarının xatirəsini yad ediblər.
Anım mərasimində ziyarətçilərə 1918-ci ildə ermənilərin Qubada törətdiyi vəhşiliklər, Azərbaycan xalqının başına gətirilən dəhşətlər və bu qırğınların real nişanələri haqqında ətraflı məlumat verilib.
Qeyd olunub ki, həmin dövrdə təkcə Quba qəzasında 16 min 782 nəfər öldürülüb, 122 kənd yerlə yeksan edilib. Quba şəhərində 259 ev yandırılıb, 1800 nəfər azyaşlı erməni vandalizminin qurbanı olub.
Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Quba Soyqırımı Memorial Kompleksi – 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılıb və Heydər Əliyev Fondunun dəstəyi ilə 2013-cü il sentyabrın 18-də açılıb.